Nazirlər Kabineti tələbə qəbuluna dəyişikliyə aydınlıq gətirdi

   Nazirlər Kabineti tələbə qəbuluna dəyişikliyə aydınlıq gətirdi
  14 Mart 2022    Oxunub:1740
Nazirlər Kabineti 1-ci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydalarında dəyişiklik edilməsinə aydınlıq gətirib.
Nazirlər Kabinetindən AzVision.az -a verilən xəbərdə bildirilib ki, bu dəyişiklik “İnformatika müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Kompüter elmləri”, “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları”, “Kompüter mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Sistemlər mühəndisliyi” ixtisaslarının xüsusiyyətlərindən irəli gələrək həmin ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin informatika fənni üzrə tam orta təhsil səviyyəsində biliklərə malik olmasının labüdlüyü ilə əlaqədar edilib.

Təklif edilmiş dəyişiklik adıçəkilən Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavəsi – “İxtisas qrupları və ixtisaslar”da da nəzərdə alınmışdır və I ixtisas qrupuna daxil olan ixtisasların riyaziyyat-kimya (RK) və riyaziyyat-informatika (Rİ) altqruplarına bölünməsini əks etdirir.

Eyni zamanda, adıçəkilən ixtisaslar üzrə müsabiqə vəziyyətinin təhlili onu deməyə əsas verir ki, nəzərdə tutulmuş dəyişikliklər həmin ixtisaslara marağı artıracaq və həmin ixtisasların müsabiqəsində daha çox abituriyentin iştirakına gətirib çıxaracaq. Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

AzVision.az


Teqlər: Təhsil  





Xəbər lenti