Subbakalavrların qeydiyyatı başladı

Subbakalavrların qeydiyyatı başladı
  12 May 2022    Oxunub:1921
Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb.
Dövlət İmtahan Mərkəzindən AzVision.az -a verilən xəbərə görə, subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub “Yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra “sms” xəbərdarlıq gələcək. Xəbərdarlıq gəldikdən sonra subbakalavr elektron ərizəsini təsdiq etməlidir. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

Xatırladaq ki, subbakalavrın “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar. Müsabiqədə iştirak ödənişsizdir.

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar 27 may saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər. Onlar daha sonra təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə də göstərilən tarixədək verilən linkdə (https://eservices.dim.gov.az/erizebak/subbak/) qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edəcəklər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir.

XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.

Hərbi çağırışçıların müsabiqədə iştirak etmək üçün möhlət haq­qında arayışı və hərbi sənədlərində bu barədə Azər­bay­can Respub­likasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı ol­malıdır. Möhlət hüququnu və ya çağırışdan azad edilməsini təsdiq edən məlumatlar Xidmətin müvafiq idarəsi tərəfindən elektron məlumat bazasına daxil edilməlidir. Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər. Subbakalvrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları (ixtisaslar) üzrə müəyyən etdiyi minimal müsabiqə şərti balı ilə iştirak edəcəklər.

Müsabiqənin keçirilməsi

1. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

Eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir: Orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi; Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası.

2. Cari ildə qəbul imtahanında iştirak edən subbakalavr öz istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə abituriyent kimi ümumi qaydada, həm də subbakalavr kimi qəbul imtahanında iştirak etmədən orta ixtisas təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.

Subbakalavrlar ali təhsil müəssisəsilərinin ixtisaslarını seçərkən tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçə bilərlər. Subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçə bilməzlər. Çünki bu ixtisaslar üzrə xarici dil fənninə bal məhdudiyyəti tətbiq olunur və subbakalavrlar imtahanda iştirak etmədikləri üçün bu ixtisasları seçə bilmirlər.

Subbakalavrların qəbul imtahanlarında iştirak etmədən “ADA” Universiteti və Bakı Ali Neft Məktəbinin ixtisaslarına müsabiqə yolu ilə qəbulu aparılmır. Cari ildə qəbul imtahanında iştirak etmiş subbakalavrlar öz seçimindən asılı olaraq, imtahanda topladığı bal ilə və ya DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi minimal müsabiqə şərti balı ilə müsabiqədə iştirak edə bilərlər.

İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar ixtisas seçiminə qədər “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunacaq.

AzVision.az



Teqlər: İmtahan  





Xəbər lenti