Polislə sürücünün əlaqəsi kəsiləcək - QANUN

Polislə sürücünün əlaqəsi kəsiləcək - QANUN
  02 May 2014    Oxunub:1200
İnzibati Xətalar Məcəlləsi və “Yol hərəkəti haqqında” qanunlara edilən dəyişikliyə görə, sürücü ilə yol polisi əməkdaşları arasında birbaşa əlaqələr minimuma endirilir.
AzVision.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli deyib.

“Bu yaxınlarda ölkə başçısı ASAN xidmət növlərinin genişləndirilməsi ilə bağlı fərmana dəyişiklik etdi. Bununla əlaqədar yol hərəkəti qaydaları ilə bağlı inzibati xətalara dair işlərə baxılması qaydası və nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması qaydası ilə bağlı daha şəffaf və operativ mexanizmlərin tətbiq olunması nəzərdə tutuldu”.

Əli Hüseynli bildirib ki, nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və elektron ünvanını, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.

Komitə sədri onu da əlavə edib ki, qanunda sürücü ilə yol polisi əməkdaşları arasında birbaşa əlaqələrin minimuma endirilməsi nəzərdə tutulur:

“Həmçinin qanunda sürücülər hansısa narahatlıq doğuran məsələ olduğu zaman məhkəməyə müraciət etmək imkanı əldə ediblər. Bir sıra hallarda şirkətlər və həmin şirkətlərə məxsus avtomobillərin sürücüləri yol hərəkəti qaydasını pozduqlarına görə məsuliyyətə cəlb olunurdular. İndi təklif olunan dəyişiklik isə vadar edəcək ki, hüquq şəxslər və nəqliyyat sahəsində məşğul olanlar əgər sürücülər dəyişirsə, bu barədə mütləq dövlət yol polisinə məlumat versinlər”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti