İncəsənət Universitetinə rektor təyin olundu - SƏRƏNCAM, BİOQRAFİYA

Fərəh Şirməmməd qızı Əliyeva – Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasının dosenti, sənətşünaslıq namizədi –
1961-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə şöbəsini bitirib. Həmin ildən musiqi tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb.
1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildə «XX əsrin 60-70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə layıq görülüb.
1995-ci ildən dosentdir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Elmi konfrans və müsabiqələrin fəal iştirakçısıdır. Elmi monoqrafiya («Azərbaycan musiqisində üslub axtarışları», B., 1996), dərsliklər («Musiqi ədəbiyyatı», həmmüəllif A. Tağızadə, B., 1994; «Musiqi» həmmüəlliflər T. Babayeva, S. Qurbanəliyeva, B., 2001), onlarla elmi, elmi-populyar məqalələrin müəllifidir.
Son zamanlarda Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanı vəzifəsini tuturdu. Həm də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodik Şurasının «Musiqişünaslıq və incəsənət» bölməsinin üzvü və elmi katibidir.
Tədqiqatçı kimi F. Əliyeva XX əsr Azərbaycan musiqisi, bəstəkar yaradıcılığı, müasir musiqi problemlərində ixtisaslaşmışdır. O, Ü. Hacıbəyov, A. Zeynallı, Q. Qarayev, F. Əmirov, A. Əlizadə, F. Qarayev, F. Əlizadə, R. Həsənova, S. Ələsgərov, C. Cahanqirov, T. Quliyev, R. Behbudov və s. bəstəkarlar, ifaçılar haqda məqalələrin müəllifidir.
AzVision.az