Şirməmməd Hüseynov qızı haqda danışmaq istəmədi

Qızının yeni təyinatı ilə bağlı Ş.Hüseynovdan münasibət öyrənməyə çalışdıq.
Qocaman jurnalist nədənsə F.Əliyevanın yüksək vəzifəyə təyin olunması haqda danışmaq istəmədiyini bildirib.
“Təbrik üçün təşəkkür edirəm. Bu haqda başqa heç nə deyə bilmərəm”-deyə Ş.Hüseynov telefonun dəstəyini yerə qoydu.
Xatırladaq ki, Fərəh Şirməmməd qızı Əliyeva 1961-ci ildə Bakı şəhərində anadan olub.
1984-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə şöbəsini bitirib. Həmin ildən musiqi tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb.
1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildə «XX əsrin 60-70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə layıq görülüb. 1995-ci ildən dosentdir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Elmi konfrans və müsabiqələrin fəal iştirakçısı, elmi monoqrafiya, dərsliklər, onlarla elmi, elmi-populyar məqalələrin müəllifidir.
Tədqiqatçı kimi F. Əliyeva XX əsr Azərbaycan musiqisi, bəstəkar yaradıcılığı, müasir musiqi problemlərində ixtisaslaşıb. O, Ü. Hacıbəyov, A. Zeynallı, Q. Qarayev, F. Əmirov, A. Əlizadə, F. Qarayev, F. Əlizadə, R. Həsənova, S. Ələsgərov, C. Cahangirov, T. Quliyev, R. Behbudov və s. bəstəkarlar, ifaçılar haqda məqalələrin müəllifidir.
F. Əliyeva bu təyinatadək Bakı Musiqi Akademiyasında musiqi tarixi kafedrasının dosenti, sənətşünaslıq namizədidir.
Fatimə Kərimli
Teqlər: