Yeni `Qodzilla` Bakıda – VİDEO

Yeni `Qodzilla` Bakıda – VİDEO
  14 May 2014    Oxunub:1972
Dünən `Park Cinema` şəbəkəsinin `Metro Park` kinoteatrında jurnalistlər üçün `Qodzilla 3D` filminin qapalı premyerası keçirildi. Şəbəkənin direktoru Namiq Quliyevin sözlərinə görə, mayın 15-dən etibarən dünyanın bir sıra ölkələrilə yanaşı, Azərbaycanda da prokata çıxacaq film bizdə ilk dəfə olaraq iki dildə - rus və türk dillərində göstəriləcək.

Əgər `Qodzilla` deyəndə hələ də sizin yadınıza Roland Emmerixin 1998-ci ildə çəkdiyi və baş rolda Jan Renonun oynadığı film düşürsə, onu unudun. Həmin Qodzilla sadəcə, radiasiyaya məruz qalaraq mutasiya etmiş nəhəng kərtənkələ idi və bütün film boyu da kərtənkələ olaraq qalırdı. O, müasir silahların qarşısında hər halda, aciz idi. Amma yeni `Qodzilla` fərqli ideya və vizual konsepsiya əsasında çəkilib.

Filmin əvvəllərində bizə məlumat verilir ki, 60-cı illərdə Sakit Okeanda keçirilən nüvə sınaqları əslində sınaq deyilmiş. Bu, SSRİ və ABŞ-ın qədim və nəhəng bir yırtıcı - `Qodzilla`ya qarşı savaşı imiş. Amma atom bombaları ona təsir eməyib. Hesabı buradan götürün – atom bombası Qodzillaya təsir etmir. Bəs onunla necə bacarmaq olar?

Yeni ssenarinin əsas mahiyyəti də elə bundadır – onunla bacarmaq lazım deyil. Bu filmdə Qodzilla – təbiətin xaosu yatırmaq və nizam-intizam yaratmaq üçün istifadə etdiyi alətdir. O, bir növ xeyir qüvvədir. `Oskar`lı Ken Vatanabinin oynadağı yapon alimin dililə desək, `Təbiət özü xaosu nizamlayacaq, insan gərək qarışmasın`. Bəs Qodzilla nəyi nizamlayır?

`Qnus` deyilən iki qədim nəhəng yırtıcı var, özü də radiasiya ilə qidalanırlar. Müasir dövrdə xeyli radiasiya mənbəyi olduğundan, onlar oyanıb, böyüyüb və cütləşmə dövrləri yetişib. Üstəlik, məlum olur ki, Yaponiyada partlayan AES-də `qnus`lardan birinin işidir. Fukuşimanı yadınıza salmayın...

Cütləşmək üçün onların hərəsi dünyanın bir tərəfindən yola çıxır və gəlib Nyu-Yorkda görüşürlər. Qodzilla da onları ovlamaq üçün Nyu-Yorka gəlir. Aydındır ki, nəticədə toyda dava düşür, üstəlik, insanlar da risk etməmək üçün 3 bədheybət nəhəngin süpürləşdiyi əraziyə atom bombası göndərirlər. Nəticədə vəziyyət lap qəlizləşir.

İllərin kinomanı kimi səmimi deyirəm: hələ Hollivud heç bir filmində bu cür vizual attraksion qura bilməmişdi. Filmin vizual həlli bugünə qədər olanların hamısından xeyli yüksək səviyyədədir. Rejissor Qaret Edavards əvvəllər vizual effektlər üzrə mütəxəssis olub və bu, özünü hər kadrda göstərir. Eynilə, filmin 160 milyon dollarlıq büdcəsi kimi. Hərçənd, rəsmi olaraq `Warner Bros.` filmin büdcəsini gizli saxlayır.

Yeni `Qodzilla`ya baxanda aşkar hiss olunur ki, o, Hollivudla Pentaqonun iş birliyinin nəticəsidir. Pentaqon öz imkanlarının təbliğatı üçün kino sənayesilə belə işbirliyinə həvəslə gedir. Amma son illərdə çəkilən heç bir `hərbi` blokbasterdə ekrana bu qədər silah - tank, təyyarə, vertolyot, hətta aviadaşıyıcı gəmi çıxarılmamışdı. Bu baxımdan yeni `Qodzilla`nı haradasa Spilberqin `Dünyaların savaşı` ilə müqayisə etmək olar. Amma yeni film vizual baxımdan daha mükəmməldir. Hərçənd, bunu süjetin xəttlərindən biri olan ailə dramı haqda demək olmaz, amma o, ikinci dərəcəli məsələdir. Attraksion-filmlərə məhz vizual gözəllikdən zövq almaq üçün baxırlar, kövrəlmək üçün yox.

Bu baharın əsas blokbasteri kimi iki filmin arasında müharibə gedəcək: `Hörümçək adam-2` və `Qodzilla 3D`. Hər ikisi öz janrında kifayət qədər gözəldir və kassada hansının qalib gələcəyi mənə də maraqlıdır.

V.M.




Teqlər:





Xəbər lenti