"İt" demə, dəxi o sizin biriniz...

// Kinoloqdan it saxlayanlara məsləhət

 "İt" demə, dəxi o sizin biriniz...
  16 Yanvar 2023    Oxunub:1169
Sizin dilinizi anlaya bilmələri üçün, hər şeydən əvvəl siz onların dilini bilməlisiniz. Yalnız ağıllı yanaşma vəfalı dostlarınıza nə istədiyinizi anlamaqda kömək edə bilər.
Hər bir it sahibinin məsuliyyəti təkcə mükəmməl, itaətkar bir heyvan yetişdirmək deyil, həm də onun sağlam, sosiallaşmış və xoşbəxt böyüməsinə kömək etməkdir. Ən vacibi sevimli heyvanınızla birgə həyatı mümkün qədər rahatlaşdırmaqdır. Bunun üçün ev heyvanı ilə kiçik yaşlardan məşğul olmaq lazımdır. Təbii ki, onun cinsini, temperamentini, xarakterini və tələblərini nəzərə almaqla.

Heyvanı anasından çox erkən ayırmaq düzgün deyil, əks halda balanın növdaxili davranışı tam formalaşmayacaq. Ana, qardaş və bacılarla ünsiyyət zamanı xasiyyət, davranışının əsasları formalaşır və bala digər heyvanlarla qarşılıqlı əlaqə sxemini qurmağı öyrənir. Bu mərhələnin yaşanmaması gələcəkdə itlərdə davranış problemlərinə yol aça bilər. Buna görə, balanı 1,5-2 ayında götürüb saxlamaq mümkün olsa da, tələsməmək lazımdır.


Rusiya Kinoloji Federasiyasının prezidenti Vladimir Qolubev xüsusi vurğulayıb ki, heç bir halda heyvana qarşı güc tətbiq edilməməlidir. Cəzalar sahibi ilə heyvanın arasında güvənin formalaşmasına imkan verməyəcək.

"İti elə böyütməlisən ki, onu danlamağa, cəzalandırmağa yer qalmasın. İstənilən düzgün hərəkətə görə tərif münasibətinizə ən etibarlı sərmayə olacaq. Köpəyinizi lap kiçik vaxtlarından tərifləməyə başlayın, beləliklə o, hansı davranış xəttinə ehtiyac olduğunu başa düşəcək. Hər hansı düzgün əməlinə görə təriflədiyiniz zaman o, bunu təkrarlamağa çalışacaq və səhv etmək ehtimalı azalacaq”,- kinoloq tövsiyə edib.

Qolubevə görə, yeməkləri ev heyvanının oğurlaya biləcəyi əlçatan yerlərdə qoymaq, gəzinti zamanı boynundakı ipi zorla çəkmək olmaz. Ətrafda başmaq və ya onun oynamaq istəyəcəyi əşyalarınızı qoymamalısınız.


Bununla yanaşı evi çirkləndirdiyi üçün onu döyməməlisiniz. Çünki balalar adətən sidik kisəsinin və bağırsaqlarının işini kontrol edə bilmirlər. Məsləhətdir ki, xalçaları yığışdırıb, yerə xüsusi bez sərəsiniz. Tədricən bala yetkinlər kimi dözməyi öyrənəcək və sizin onu gəzintiyə çıxarmağınızı gözləyəcək.

Kinoloqun sözlərinə görə, gəzinti bir saatdan az olmamalıdır. Orqanizmi hələ sahibinin qrafikinə uyğunlaşa bilməyən balalara əvvəlcə fərdi, lakin qısamüddətli gəzintilər lazımdır - yaşından və yemək aralıqlarından asılı olaraq gündə 4-6 dəfə. İt böyüdükcə gəzintilərin sayı tədricən azaldıla bilər ki, gündə 2-3 dəfə gəzməyə alışsın.

Məhəmməd Əli Həsənli
AzVision.az



Teqlər: Balaca-dostlar   İt   Kinologiya  





Xəbər lenti