Azərbaycanda sağlam qıda zənbilinin gündəlik qiyməti 2,53 dollardı

   Azərbaycanda sağlam qıda zənbilinin gündəlik qiyməti 2,53 dollardı
  02 Mart 2023    Oxunub:1473
Dünyanın üç milyarddan çox sakini sağlam qidadan məhrumdur.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məruzəsində deyilir. Məruzədə sağlam qida zənbilinin qiyməti və insan orqanizmini bütün lazımi maddələrlə təmin edən ərzaq növlərinin əlçatanlığı barədə məlumatlar dərc olunub.

Sağlam qidalanma səbəti gün ərzində 2 min 330 kaloriyə, altı kateqoriyadan ibarət ucuz yerli istehsalat məhsuluna əsaslanır – 1) dənli bitkilər, makaron və kartof, 2) tərəvəz, 3) meyvə, 4) heyvan mənşəli ərzaqlar, 5) paxlalı bitkilər, çərəz və toxumlar, 6) yağlar və piylər.

“Ərzaq kasıblığı” həddində yaşayanların sayı ən çox Asiyada artıb – 78 milyon nəfər. Sağlam qida zənbilinin qiymətində ən çox artım da məhz bu regionda müşahidə edilib – il ərzində 4 faiz. Ən bahalı qida zənbili Latın Amerikası regionunda qeydə alınıb – gün ərzində 3,89 dollar.

Afrikanın 12 ölkəsində əhalinin 90 faizdən çoxu tam qidalana bilmir və dünyanın yalnız 26 ölkəsində zəif qidalanan əhalinin sayı bir faizdən azdır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 2020-ci ildə Azərbaycanda sağlam qıda zənbilinin gündəlik qiyməti 2,53 dollar, Qazaxıstanda 2,66 dollar, Moldovada 2,81 dollar, Qırğızıstanda 3,18 dollar, Ermənistanda 3,25 dollar, Belarusda 3,31 dollar, Rusiyada 3,42 dollar, Tacikistanda isə 3,48 dollar təşkil edib.

AzVision.az



Teqlər:





Xəbər lenti