“Dəmir cübbə”, yaxud İsraili silkələyən layihə – TƏHLİL

      “Dəmir cübbə”,  yaxud İsraili silkələyən layihə –    TƏHLİL
  01 Aprel 2023    Oxunub:6649
İsraildə məhkəmə islahatlarına qarşı 3 ay davam edən etiraz aksiyaları sonda hökuməti geri addım atmağa məcbur etdi. Baş nazir Binyamin Netanyahu parlamentdəki fraksiyaların liderləri ilə məsləhətləşmələrdən sonra məhkəmə islahatlarının yay sessiyasına qədər təxirə salındığını bəyan etdib. O, eyni zamanda, islahata qarşı çıxan müxalif qüvvələrlə görüşməyə və müzakirələr aparmağa hazır olduğunu açıqlayıb. Bu isə mövcud problemin gündəmdən çıxmadığından xəbər verir.
Məhkəmə islahatlarının əsas qayəsi hökumətin hakimlərin seçilməsinə nəzarətinin yaradılmasından və Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasından ibarətdir. Qanun layihəsinin əleyhinə çıxanlar onsuz da kifayət qədər səlahiyyətlərə malik olan hökumətin əslində bu yolla məhkəmə hakimiyyətini də nəzarət altına almağa çalışdığını iddia edirlər.

Məhkəmə islahatları, yoxsa incə siyasi oyun?

Məsələ bundadır ki, İsraildə Konstitusiya və bunun məntiqi nəticəsi olaraq Konstitusiya məhkəməsi olmadığından, hakimiyyət bölgüsü prinsipinə nəzarət Ali Məhkəmə tərəfindən həyata keçirilir. Knessetə (parlament) seçilmiş deputat eyni zamanda hökumətdə nazir postu tuta bilir. Bu, hökumətin qanunverici hakimiyyətin işinə ciddi təsir göstərməsinə imkanın yaradır. Deməli, hökumətin işinə tam müstəqil nəzarəti məhz məhkəmə hakimiyyəti həyata keçirə bilər. Ona nəzarət mexanizminin də hökumətin ixtiyarına verilməsi ölkədə mərkəzləşdirilmiş güclü icraedici hakimiyyətin formalaşması və siyasi opponentlərin imkanlarının məhdudlaşdırılması demək olacaq.


Təklif olunan məhkəmə islahatları məhkəmə hakimiyyətinin qanunvericilik və icra hakimiyyətlərinin qərarlarına təsir imkanlarını məhdudlaşdıracaq, Ali məhkəmənin Konstitusiya normalarına zidd saydığı qanunların qəbulunu dayandırması səlahiyyətini ləğv edəcək. Ali məhkəmənin vetosunu aşmaq üçün parlamentdə adi səs çoxluğu (61 səs) kifayət edəcək ki, hazırda da bu çoxluq məhz hakim koalisiyaya məxsusdur.

Bu təklifi hakimiyyətin məhkəmə islahatları adı altında öz mövqelərini gücləndirmək cəhdi kimi qiymətləndirən müxalif qüvvələr baş nazir Binyamin Netanyahunun siyasətinə qarşı etiraz aksiyalarına yüz minlərlə insan çıxardılar. Polisin onlara qarşı gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə etməsi son nəticədə hökumətin öz daxilində də parçalanmanı şərtləndirdi. Ölkənin təhlükəsizliyinə təhdid yarandığını əsas gətirən müdafiə naziri Yoav Qalant hökuməti sözügedən qanunun qəbulunu dayandırmağa çalışdı. Lakin “güzəşt” sözünü eşitmək istəməyən BiBi (Netanyahunu belə də adlandırırlar) Yoav Qalantı istefaya göndərdi.

Bundan sonra İsrailin müxtəlif şəhərlərində meydanlara 630 min etirazçı axışdı. Təkcə paytaxt Təl-Əvivdə mitinqlərə 300 min adam çıxdı. İsrail həmkarlar təşkilatlarının milli mərkəzinin sədri Histadrut Arnon Bar-David isə BiBi-nin öz mövqeyini dəyişməyəcəyi halda ölkə miqyaslı tətil təşkil edəcəyi və bu aksiyaların bütün sahələri əhatələcəyi ilə hədələdi.

Hadisələrin arzuolunmaz məcraya yönəlməsi Netanyahunu bir addım geri çəkilməyə məcbur etdi. Məhkəmə islahatları üzrə qanun layihəsinin qəbulunun Knessetin yay sessiyasına qədər təxirə salındığını açıqlayan BiBi hakim koalisiyanın bu müstəvidə konstruktiv dialoqa hazır olduğunu deyərək, qərarının hansı məntiqə söykəndiyinə aydınlıq gətirdi.

Bu yazıları da qaçırmayın:
Laçındakı əməliyyatın 10 vacib əhəmiyyəti – Ədalət Verdiyevin yazısı
İran küləyə tüpürür – Seymur Məmmədovun şərhi
“Baxmut Ukraynanın Verdenidir” – Müsahibə

“Biz məhkəmə sistemində dəyişikliklərin keçirilməsində israrlıyıq, bu yöndə geniş razılığa gəlmək üçün imkan yaradacağıq. Bu, nəcib məqsəddir. Buna görə də mənim milli məsuliyyətim və cəmiyyətdə parçalanmanın qarşısını almaq istəyimdən irəli gələrək, qanun layihəsi üzrə Knessetin növbəti sessiyasında razılığa nail olmaq üçün 2-ci və 3-cü oxunuşda müzakirəni dayandırmaq barədə qərar qəbul etdim”, - baş nazir bildirdi.

Qanunun əleyhinə çıxan müxalif partiyaların liderləri prosesin tam dayandırılacağı təqdirdə BiBi-nin mübahisəli məqamlarla bağlı dialoq təklifinə razılıq verəcəklərini bəyan ediblər. İsrailin sabiq müdafiə naziri və “Dövlət düşərgəsi” adlı böyük müxalif blokun lideri Beni Qants baş nazirin qərarını alqışlayıb.

Ötən ilin dekabrına qədər baş nazir vəzifəsini tutan müxalif “Eş Atid” partiyasının rəhbəri, hazırda parlament müxalifətinin lideri Yair Lapid isə dialoqa İsrail prezidenti İshaq Hersoqun vasitəçiliyi ilə hazır olduğunu söyləyib.
Yeri gəlmişkən, kütləvi mitinqlərin ölkənin təhlükəsizliyinə və iqtisadiyyatına ciddi təhdid yaratdığını deyən prezident də bir müddət əvvəl şəxsən BiBi-ni və onun hökumətini məhkəmə islahatları qanununun qəbulunu dayandırmağa çağırmışdı.

Ən maraqlı məqamlardan biri Netanyahunun öz qərarını milli təhlükəsizlik naziri İtamar Ben-Qvirlə razılaşdırmasıdır.

Geriyə addımın səbəbləri

BiBi-nin son nəticədə taym-aut götürməsi iki səbəblə izah oluna bilər. Əvvəla, onun müdafiə nazirini istefaya göndərməsi hakim koalisyianın daxilində çoxları üçün “soyuq duş” rolunu oynadı. Hətta Netanyahunun rəhbəri olduğu “Likud” pasrtiyasının 6 deputatı bundan şoka düşərək, məhkəmə islahatlarının dayandırılması təkilfini dəstəklədilər. Koalisiya üzrə BiBi-nin partnyorları olan ifrat dini-ortodoksal “ŞAS” və “Törənin yəhudiliyi” partiyaları da pauza götürməyə və islahatların əleyhdarları ilə danışıqlara başlamağa çağırdılar.

Amma məhkəmə islahatlarının əsas bələdçisi rolunu oynayan ədliyyə naziri Yariv Levin Netanyahu “təslimçilik” bayrağını qaldıracağı halda istefa verəcəyini bəyan etdi. Bu isə onsuz da möhkəm olmayan hakim koalisiyada və hökumət daxilində mövqe ixtilafının daha da dərinləşdiyindən xəbər verirdi.


Ədliyyə nazirinin hədəsinə baxmayaraq, Binyamin Netanyahu müvəqqəti də olsa geri çəkilməyə və böyük çətinliklə formalaşdırdığı koalisiya hökumətini qoruyub saxlamağa üstünlük verdi. Beləliklə də, BiBi şəxsən özünü və liderlik etdiyi partiyanı nəticəsi dumanlı olan və heç də “Likud”un qalibiyyətinə zəmanət verməyən yeni parlament seçkilərindən sığortaladı.

İkincisi, möhtəkirlik, korrupsia və etimaddan sui-istifadə ittihamlarına görə 2017-ci ildən istintaq altında olan BiBi-nin yeni parlament seçkilərinə getməsi böyük riskdir. Bu əməllərin sübuta yetiriləcəcyi halda məhkəmə tərəfindən 13 il həbs cəzasına məhkum oluna biləcək Netanyahu ona qarşı sürülən iddiaları inkar edir. Amma hələlik istintaqa günahsız olduğunu təsdiqləyən heç bir sənəd təqdim etməyib.

Bundan çıxış edən bəzi ekspertlər hökumətin məhkəmə islahatları təşəbbüsünün əslində BiBi-nin şəxsən özünü sığortalamaq məsədi güddüyünü bildirirlər. Onların fikrincə, Nertanyahunu hazırda hakimiyyətdə daha çox qalmaq və cinayət əməllərinə görə təqibdən immunitet qazanmaq düşündürür. Onun özünü ittihamlardan sığortalaması üçün Ali Məhkəmənin verdiktlərinin parlament tərəfindən ləğv edilməsini nəzərdə tutan hazırkı layihənin qəbulu yetərlidir. Deməli, məntiqlə BiBi-nin məhkəmə islahatlarında şəxsən özünün maraqlı olduğu barədə iddialar elə də əsassız görünmür.

Amma İsraildə sıravi vətəndaşlar arasında məhkəmə islahatlarının tərəfdarları da az deyil. Bu islahatların ölkədə demokratiyanı daha da möhkəmləndirəcəyini söyləyən adeptlərin əsas arqumenti “xalqın seçdiyi hökumət sıravi vətəndaşların seçmədiyi hakimlərə tabe olmamalıdır” iddiasıdır. BiBi-nin tərəfdarları olan siyasətçilərin fikrincə, Ali Məhkəmə ölkədə hakimiyyəti qəsb edərək, hökumətin hərəkətlərini məhdudlaşdırır ki, buna da çoxdan son qoymaq vaxtı çatıb.

İşin ən maraqlı tərəfi isə qanun layihəsinin İsrail dövlətində yaratdığı böhranın ətrafında xarici qüvvələrin hansı oyunları qurmasıdır. Bu məqamlarla növbəti yazıda tanış olacaqsınız.

Sahil İsgəndərov, politoloq
AzVision.az



Teqlər: İsrail  





Xəbər lenti