NASA-da ilk və yeganə azərbaycanlı alim – MÜSAHİBƏ

NASA-da ilk və yeganə azərbaycanlı alim – MÜSAHİBƏ
  29 May 2014    Oxunub:3496
NASA-da (ABŞ-ın Milli Kosmik Agentliyi) işləyən ilk və yeganə azərbaycanlı gənc alim Teymur Sadıxovd (Sadikhov) 1987-ci ildə Bakı şəhərində anadan olmub. Corciya Texnologiya İnstitutunun Aerokosmik Mühəndisliyi fakültəsində doktorantura dərəcəsinə namizəddir. Hazırda Kaliforniyannın Pasadena şəhərindəki NASA Jet Propulsion Laboratory-də Robotik Sistemlərin Qiymətləndirilməsi, Qərar və İdarəetmə qrupunda elmi tədqiqatçıdır. Bundan başqa, Kaliforniya Texnologiya İnstitutunun Kontrol və Dinamik Sistemlər qrupunda ziyarətçi elmi tədqiqatçıdır.

- İlk və ali təhsilinizi harada almısınız?


- 1993-cü ildə A.Abdullayev adına 211 saylı orta məktəbə daxil olmuşam və 2003-cü ildə əla qiymətlərlə bitirmişəm.
Həmin ildə İstanbul Texniki Universitetinin Təyyarə və Kosmik Elmlər fakültəsininin Təyyarə Mühəndisliyi ixtisasına Azərbaycan və Türkiyə dövlət təqaüdçüsü olaraq daxil olmuşam.
2003-2004-cü tədris ilində Ankara Universiteti Şişli TÖMER-də Türk dili təhsili almışam.
2004-cü ildə bakalavr təhsilinə başlamışam. Eyni zamanda BP, İTU Fondu və Nippon Fondu daxil olmaqla bir neçə təşkilatdan təqaüdə layiq görülmüşəm.

Qeyd edim ki, Azərbaycan dövləti də bütün təhsil həyatım boyunca elmi nailiyyətlərimə görə mənə əlavə mükafatlar verib.

2008-ci ildə İstanbul Texniki Universitetindən Təyyarə Mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsiylə universitet birincisi olaraq məzun olmuşam.

Bundan başqa, universitetin 1773-cü ildə qurulmasından etibarən 4.00 üzərindən 4.00 ortalama qiymətlə məzun olan ilk tələbə olaraq tarixə keçmişəm.

Bu nailiyyətimin nəticəsi olaraq dünyanın ən yüksək reytinqli mühəndislik və texnologiya ali məktəblərinə bakalavrsonrası təhsilə qəbul olunmuşam. Müraciət etdiyim 10 ali məktəbin 10-una da təqaüdlü qəbul olmuşam. Bu universitetlər: Purdue University West Lafayette, University of Michigan Ann Arbor, Massachusetts Institute of Technology, University of Texas at Austin, University of California San Diego, Stanford University, University of Illinois at Urbana Champaign, University of Minnesota Twin Cities, University of Maryland College Park, Virginia Tech-dir.

2008-ci ilin sentyabrında Kaliforniya Universiteti San Diego-nun Mexanika və Aerokosmik Mühəndislik fakültəsində prestijli Powell Fondu təqaüdçüsü olaraq elmi təhsilə başlamışam.

2010-cu ilin iyun ayında əla qiymətlərlə Mühəndislik Elmləri, Mexanika Mühəndisliyi ixtisasından magistr dərəcəsi ilə məzun olmuşam.

2010-cu ildə məşhur alim Professor Wassim M.Haddad-ın dəvətilə ABŞ-ın ən böyük və yüksək reytinqli Aerokosmik Mühəndisliyi fakültəsinə malik Corciya Texnologiya İnstitutunun Aerokosmik Mühəndisliyi fakültəsində təhsilə başlamışam və hal-hazırda burada doktorantura dərəcəsinə namizədəm.

Doktorantura təhsilim Amerikan Hava Qüvvələri Elmi Tədqiqat Ofisi (AFOSR) və NASA Dryden (yeni adı Armstrong) Uçuş Tədqiqat Mərkəzi qrantları ilə maliyyələşdirilib.

Bundan başqa, Corciya Texnologiya İnstitutundan Riyaziyyat üzrə Magistr dərəcəsi alıram.

- Öz peşə karyeranıza harada və necə başlamısınız?

- 2004-cü ildə ilk Təyyarə Mühəndisliyi dərsləri ilə başlamışam. Daha sonra Kaliforniya Universitetində çoxrobotlu sistemlərin kooperativ və paylaşımlı kontrolu üçün alqoritmlər üzrə elmi tədqiqat aparmışam.
2013-cü ilin yay ayları ərzində United Technologies Corporation-ın elmi tədqiqat mərkəzinin Avtonom və Ağıllı Robotik Sistemlər Laboratoriyasında elmi tədqiqatla məşğul olmuşam.

- NASA ilə tanışlığınız necə başlayıb?

- Qeyd etdiyim kimi, Corciya Texnologiya İnstitutunda doktorantura təhsilim Amerikan Hava Qüvvələri Elmi Tədqiqat Ofisi (AFOSR) və NASA Dryden (yeni adı Armstrong) Uçuş Tədqiqat Mərkəzi qrantları ilə maliyyələşdirilib, və mən bunlarla əlaqəli elmi layihələrdə işləmişəm. Deyərdim ki, NASA ilə yaxından tanışlığım bu layihələrlə başlayıb.

- NASA-dakı iş fəaliyyətinizdən oxucularımıza danışın.

- Üzərində işlədiyim layihələr hal-hazırda Mars planetində olan Curiosity Rover-inin, eləcə də JPL HMMWV-in (yüksək mobilli çoxməqsədli təkərli nəqliyyat vasitəsinin) avtonom, insansız idarə olunmasıdır. Bu layihə Amerikan Donanması ilə birgə olan layihədir. Bundan başqa, çoxrobotlu sistemlərin kontrolu üzrə də elmi tədqiqatla məşğulam.

- Sizin üçün sənətiniz nə deməkdir? Sənətinizi nəyə görə sevirsiniz?

- Mənim üçün sənətim həyatımın böyük bir parçasıdır. Məncə ümumiyyətlə, mühəndislik insanlıq üçün ən vacib sahələrdən biridir, bəlkə də birincisidir. İnsan çox səhvlərə yol verir (məsələn, avtomobili diqqətsiz və ya alkoqol təsiri altında idarə etmə) və nəticədə isə bu səhvlər ən pis hallarda başqa insanların ölümü və ya təbiətin məhv olması ilə nəticələnir.

Bunun qarşısını almaq üçün biz robot texnologiyalarından istifadə edə bilərik.

Mən inanıram ki, biz texnologiyanı daha da təkmilləşdirə bilərik, insanı isə təkmilləşdirmək çox daha çətindir.

- Sənətinizi özünüz seçmisiniz, yoxsa kimsə sizi bu istiqamətə yönəldib?

- Mənə bir çox sahə maraqlı idi. Fəqət əlbəttə texniki sahələrə marağım daha da böyük idi. Çoxları mənim əlaçı və bir çox ölkə daxili imtahanlarda birinci olduğum üçün ya həkim ya da hüquqşünas olmağımı istəyirdi – bu sənətlər Azərbaycanda dəbdədir.

Fəqət mən mühəndis olmağa qərar vermişdim. Bu qərarıma valideynlərim narazı deyildi. Atam tətbiqi riyaziyyatçı olduğu üçün bu qərarın tərəfdarı idi.

Bundan başqa, məni texniki elmlərə həvəsləndirən daha bir insan var idi – dayım professor Məhəmməd Axundov. O, fizika və riyaziyyat elmləri doktoru idi və Bakı Dövlət Universitetinin Nəzəri Mexanika kafedrasında işləyirdi.

Mən insanlığa və elm aləminə verdiyim və verəcəyim bütün elmi nailiyyətlərimi onun əziz xatirəsinə həsr edirəm.

- Uşaqlığınızda olan ən böyük arzunuz? O, gerçəkləşibmi?

- Uşaqlıqda bir neçə arzum olub: millətimiz və insanlıq üçün faydalı bir insan olmaq və elm aləminə yüksək töhfələr vermək.

Bakalavrsonrası təhsilim ərzində dünya üzrə məşhur müxtəlif jurnal və konfranslarda ondan artıq məqalələrim dərc olunub. Bu, universitetdə kontrol üzrə ixtisaslaşmış tələbələr arasında ən yüksək rəqəmdir. Bundan başqa ABŞ-ın bir neçə məşhur alimləri ilə birlikdə elmi iş görürəm.

Ümid edirəm ki, bu arzularda müəyyən irəliləyiş əldə etmişəm, fəqət gediləcək yol hələ də uzundur.

İnanıram ki, insan həmişə daha da təkmilləşməyə, və hər sabahki gün dünənkindən daha yaxşı biri olmağa çalışmalıdır.

- Siz böyük uğura malik olmusunuz. Bu uğurun sirrini oxucularımıza aça bilərsiniz?

- İlk növbədə, mən həmişə çalışmışam ki, ən sevdiyim sahə üzrə işləyim və təhsil alım.

Bununla yanaşı, həyatımı balanslaşdırmağa çalışmışam. Elm və təhsillə məşğul olsam da daima müxtəlif növ idmanlarla (krav maga, əlbəyaxa döyüş, futbol, tennis və s.) da məşğul olmuşam. Bu, həmişə mənim çətin hallarda zehin açıqlığıma yardım edib. Və əlbəttə ki, sevdiyim hobbiləri (atıcılıq, avarçəkmə qayıq) davam etdirməyə çalışmışam.

Bundan başqa, deyə bilərəm ki, çətinliklərin qarşısında baş əyməmək vacibdir.

- Oxucularımıza nə arzulayırsınız?

- Oxuculara arzum budur ki, sevdikləri sahə üzrə təhsil alsınlar və işləsinlər. Başqalarının məsləhəti ilə deyil, öz istəklərinə görə seçim etsinlər. Necə deyərlər, ya sevdiyini et, ya da etdiyini sev. Əlbəttə ki, birincisi olsa daha yaxşıdır.

Sevdikləri hobbilərə də daim vaxt ayırsınlar və sağlam həyat sürməyə çalışsınlar.

Ən böyük arzum isə mühəndislik və texnologiyaya olan marağın Azərbaycanda artmasıdır və daha çox sayda həmvətənimizin bu sahələri seçməsidir. Çünki dünyanın bir çox inkişaf etmiş ölkəsində mühəndislik ən sayılıb-seçilən sənətdir.

Ən son Azərbaycana gəlişimdə bir çox yerdə seminar verməyimin səbəbi də mühəndisliyə marağın artması idi və ümid edirəm ki, bu sahədə az da olsa töhfəm olub.

Oxu.az


Teqlər:





Xəbər lenti