İcra başçısının qardaşının intiharı ilə bağlı rəsmi açıqlama

  İcra başçısının qardaşının intiharı ilə bağlı  rəsmi açıqlama
  27 İyul 2023    Oxunub:2108
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun intiharı ilə bağlı cinayət işi açılıb.
Baş prokurorluğun Mətbuat xidmətindənAzVision.az-a bildirilib ki, iyulun 26-ı saat 17 radələrində Kürdəmir rayonu, Pirəköçə kənd sakini 1975-ci il təvəllüdlü Azər Qaraşovun odlu silahdan açılmış atəş nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılmaqla istintaq aparılır.

Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyəti açıqlama yayaraq hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirmişdi.

***
Dünən axşam saatlarında Kürdəmir rayonunun Pirəköcə kəndində intihar edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı, 48 yaşlı Azər Azay oğlu Qaraşovla bağlı bəzi məqamlar üzə çıxıb.

AzVision.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azər özünü yaşadığı evdə güllələyərkən otaqda tək olub.

İlkin araşdırmalar zamanı məlum olub ki, A.Qaraşovun həyat yoldaşı, övladları və anası hadisə vaxtı evdə olsa da, digər otaqlarda olublar. A.Qaraşov bir neçə dəqiqə əvvəl həyat yoldaşına harasa gedəcəyini və geyimlərini hazırlamasını deyib. Bir qədər sonra isə otaqdan atəş səsi eşidilib. A.Qaraşovun olduğu otağa ilk olaraq anası daxil olub və oğlunun özünü qarnından güllələdiyini görüb.

Dərhal hüquq-mühafizə orqanlarına və təcili tibbi yardıma müraciət edilib. Lakin bir neçə dəqiqə sonra A.Qaraşov dünyasını dəyişib.

Hadisə yerinin araşdırılması zamanı evdən beşatılan növ tüfəng aşkar edilib. A.Qaraşovun qarnından aldığı xəsarətlərdən ölümü müəyyən edilsə də, hadisə vaxtı evin tavanında da güllə izləri müəyyən edilib.

Tüfəng və digər maddi sübutlar prokurorluq əməkdaşları tərəfindən götürülüb. Müvafiq ekspertizalar təyin edilib. Qeyd edək ki, A.Qaraşov Kürdəmirdə müxtəlif vəzifələrdə, son olaraq Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb.

Xatırladaq ki, Lənkəran Şəhər İcra Hakimiyyəti hadisənin ehtiyatsızlıq səbəbindən baş verməsi barədə məlumat yayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti