Qızmar istilər başlayır, necə qorunmalı? - AKTUAL

Qızmar istilər başlayır, necə qorunmalı? - AKTUAL
  10 İyun 2014    Oxunub:1338
Artıq bir neçə gündür ölkə ərazisində isti hava şəraiti hökm sürür. Ekspertlər hesab edirlər ki, Azərbaycanda bu il yay mövsümü ötən illə müqayisə daha da isti olacaq. Hətta 40 dərəcədən yüksək istilərin müşahidə olunacağı ehtimal olunur.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalovun fikrincə Azərbaycanda hazırkı hava şəraiti 60-70-ci illəri xatırladır. Ekoloqun fikrincə, təxminən 50 il bundan öncə iqlim şəraiti bugünki kimi keçirdi:

“60-70-ci illərin yay aylarında kəskin istilər başlamışdı. Dəhşətli isti ilə yanaşı havaların bürkü keçməsi də insanlara çətinlik yaradırdı. Bu il də o dövrdə olduğu kimi havalar çox isti keçəcək. Ehtimal olunur ki, bəzi günlərdə isti küləklərin sürəti artaraq dənizlərdə iri dalğalar yaradacaq. Bu amil isə çimərlik mövsümü üçün əlverişsiz ola bilər. Ancaq havaların isti keçməsinə baxmayaraq, insanlar yaxşı istirahət edə biləcək, günəş şüaları qəbul edəcəklər”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabaha olan hava proqnozu hava şəraitinin isti olacağından xəbər verir. Rəsmi məlumata əsasən, iyunun 10-da Bakıda və Abşeron yarımadasında 30-35 dərəc, digər bölgələrdə isə 30-37 dərəcə isti olacaq.

Qızmar istilərdən necə qorunmalı?

İsti hava şəraiti bəzən xoş gəlsə də, hədsiz temperatur ciddi sağlamlıq problemlərinə yol aça bilər. Daşqınlar, qasırğalar və digər təbii fəlakətlərlə yanaşı, isti hava öldürücü ola bilər. Ekspertlər ən ziyanlı hava şəraiti kimi günorta ilə gecə temperaturunun yaxın olmasını göstərirlər. Həkimlər isti havalarda çoxlu su içməyi, günəş altına çıxmamağı, gen və açıq rəngli paltarlar geyməyi məsləhət görür. Qalın paltar, fiziki fəaliyyət və rütubətin kombinasiyası bədən temperaturunu təhlükəli səviyyəyə qaldıra bilər. Əzələlərdə ağrı ilk siqnal hesab edilir. Ağır çəkili içki içənlər bu şəraitdə böyük təhlükə ilə üzləşə bilər. Isti hava qan təzyiqi yüksək olanlar, ürək-damar xəstələri, azyaşlı uşaqlar və yaşlılar üçün öldürücü ola bilər. Isti hava bədənin susuzlaşmasına da yol açır ki, bu da öz növbəsində işləmək qabiliyyətini azaldır. Bədənin suyunun 5 faiz azalması işləmək qabiliyyətini 30 faiz endirir. Bədənin duzlarının itirilməsi əzələlərin funksiyasını zəiflədir. Alimlər deyir ki, bədənin hərarəti 42 dərəcədən yüksək olsa, bu halda orqan və toxumalar bişməyə başlayır. Təcili yardım göstərilməsə, ölüm halı qaçılmaz ola bilər.

Belə hallarda dərhal həmin şəxs günəş altından çəkilməli, ayaqları 30 sm qaldırılmalı, paltarı çıxarılmalı və bədənin soyudulması üçün buz və sudan istifadə edilməlidir. Boyun nahiyəsi və qoltuqlar altına buz qoyulmalıdır. Adi hallarda iki litr maye qəbul edilməlidirsə, isti havada qəbul edilən suyun həcmi daha artıq olmalıdır.

Həkimlər sərt istidən qorunmaq üçün limon suyu içməyi, həmçinin ət yeməklərindən uzaq olmağı məsləhət bilir.

Mütəxəssislər bildirir ki, havanın orta hərarəti 26 dərəcəyə çatırsa, insan bir gündə 2 litrədək su içməlidir. İstiyə qarşı ən yaxşı təsiri isə limon suyu qatılmış qazsız su göstərir. İsti yay günlərdə qəbul edilməsi məsləhət olmayan içkilər isə süd, limonad, kofedir. Həkimlər siqaretdən imtinanı, son dərəcə soyuq su içməməyi də məsləhət görür.

Belə ki, yayda yüksək kolorili qida qəbul etmək düzgün deyil. Ət xörəkləri, un məmulatlarından yay dövründə az istifadə məsləhətdir. Tərkibi bitki, tərəvəz olan qidalara daha çox üstünlük vermək lazımdır.

Çimərliklərdə istirahət vaxtına gəlincə, səhər və axşam saatlarında çimərliklərdə olmaq məqsədəuyğundur.

Anar RÜSTƏMOV


Teqlər:





Xəbər lenti