2 il əvvəl törədilmiş qətlin şahidləri məhkəməyə məcburi gətiriləcək

2 il əvvəl törədilmiş qətlin şahidləri məhkəməyə məcburi gətiriləcək
  03 Oktyabr 2023    Oxunub:1041
Bakı sakinini qətlə yetirməkdə təqsirləndirilən Rəşad Kərimov, Tahir Ələkbərov və Radiq Feyziyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Fikrət İmanov dindirilib.

O bildirib ki, zərərçəkmiş şəxs Rüstəm Bayramov (mərhum) çox vaxt mağazasına alış-veriş üçün gələrdi:

“Mağazam Hövsanda yerləşir. Zərərçəkmişi tanıyıram. O fəhlə işləyirdi. Gündəlik tələbatını ödəmək üçün mağazadan alış-veriş edirdi. Səhər mağazanı açanda xəbər tutdum ki, Rüstəmi öldürüblər. Atasını taksi sürücüsü kimi tanıyırdım. Hadisə yerinə getməmişəm. Zərərçəkmiş şəxs sonuncu dəfə məndən araq və siqaret alıb. Onun narkotik vasitə istifadəçisi olması barədə heç bir məlumata malik deyiləm”.

Daha sonra məhkəmə 4 hadisə şahidinin prosesə məcburi şəkildə gətirilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmənin növbəti iclası sentyabrın 31-ə təyin edilib.

Qeyd edək ki, hadisə 2020-ci ilin oktyabr ayında Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Türkan qəsəbə sakini Rüstəm Bayramov küt alətlə qətlə yetirilib.

Aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bayramovun əvvəllər məhkum olunmuşlar - Bərdə rayon sakini Rəşad Kərimov, Astara rayon sakinləri - Tahir Ələkbərovla Radiq Feyziyev tərəfindən daşla öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlar tutularaq istintaqa təhvil veriliblər.

R.Kərimov saxlanılan dövrdə R.Feyziyev və T.Ələkbərov Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə tutulduqları üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılırdılar.(Report)
AzVision.az



Teqlər: Məhkəmə  





Xəbər lenti