AQTA və “Rosselxoznadzor" arasında əməkdaşlıq məsələləri müzakirə olunub

AQTA və “Rosselxoznadzor" arasında əməkdaşlıq məsələləri müzakirə olunub
  07 Oktyabr 2023    Oxunub:1073
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Moskvada Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvertlə görüşüb, əməkdaşlıq məsələləri müzakirə edilib.
AQTA-dan AzVision.az -a verilən məlumata görə, görüşdə Rusiyadan Azərbaycana yüksək riskli qida məhsulları idxal edilən müəssisələrin qeydiyyatı və təsdiqi ilə bağlı məsələlər nəzərdən keçirilib. Prosesin uğurla aparıldığı və bu vaxtadək qeydiyyatdan keçməyən müəssisələrdən məhsul idxalına icazə müddətinin 2023-cü il dekabrın 31-dək uzadıldığı vurğulanıb.

Eyni zamanda görüşdə Rusiyanın təsdiq sisteminin ekvivalentliyi, Azərbaycandan bu ölkəyə ixrac olunan heyvan mənşəli məhsulların keyfiyyət və təhlükəsizliyinə dair nəzarətin daha da sadələşdirilməsi və iki ölkə arasındakı dövlət sərhəd-keçid məntəqələrində baytarlıq nəzarətinin gücləndirilməsi və sərhədyanı bölgələrdə baytarlıq tədbirlərinin təşkilinə dair birgə görüşlərin keçirilməsi müzakirə edilib, təkliflər irəli sürülüb.

Görüşdə transsərhəd heyvan xəstəliklərinə qarşı tədbirlərin bir-birilə əlaqəli şəkildə həyata keçirilməsi, vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsinin sərhədin hər iki tərəfində eyni vaxtda aparılması, heyvanların identifikasiyası üzrə əməkdaşlıq, heyvan mənşəli məhsulların ixracına nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunub. Görüşdə həmçinin iki ölkə arasında fitosanitar sahədə idxal-ixrac nəzarətinin daha da təkmilləşdirilməsi məqsədilə informasiya sistemlərinin inteqrasiyası prosesinin sürətləndirilməsindən bəhs edilib. Bir sıra kənd təsərrüfatı məhsullarının (pomidor, tumlu çəyirdəkli meyvələr) ixracı zamanı Dövlət Agentliyinin zəmanəti əsasında məhsul partiyalarının laborator müayinələrə cəlb edilməsi tezliyinin azaldılması üçün zəruri prosedurların razılaşdırılması qərara alınıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.

Q.Təhməzli səfər çərçivəsində Rusiyanın Baş naziri Mixail Mişustin və digər dövlət rəsmilərinin iştirakı ilə keçirilən “Qızıl payız-2023” aqrar-sənaye sərgisinin rəsmi açılış mərasimində iştirak edib.

Daha sonra AQTA nümayəndə heyətinin “Gələcəyə investisiya: kənd təsərrüfatı təhsilinə müasir baxış” mövzusunda keçirilən plenar iclasda iştirakı baş tutub. Həmçinin Dövlət Agentliyinin nümayəndə heyətinin üzvləri Rusiyanın “Taxıl Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzi" Federal Dövlət Büdcə Müəssisəsinə baş çəkib, mərkəzin nəzdində fəaliyyət göstərən laboratoriyada taxıl məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyən edilməsinə dair təcrübə ilə tanış olublar.

Qeyd edək ki, Dövlət Agentliyinin əməkdaşları “Pestisidlərin və Aqrokimyəvi Maddələrin İzlənməsi üzrə Federal Dövlət İnformasiya Sistemi” mövzusunda keçirilən dəyirmi masada da iştirak ediblər. Nümayəndə heyəti Heyvanların Ümumrusiya Mühafizə Mərkəzi, Ümumrusiya Dövlət Heyvanlar üçün Dərman Vasitələri və Yemlərin Standartlaşdırılması və Keyfiyyət Mərkəzi və Ümumrusiya Bitki Karantini Mərkəzindən olan həmkarları ilə də görüşüb, Ümumrusiya Bitki Karantini Mərkəzinin fəaliyyəti və yeni feromon tələlərin istehsalı, elmi-metodiki mərkəzin və bioloji üsulla mübarizə şöbələrinin fəaliyyəti ilə yaxından tanış olub.

AQTA sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiyaya səfəri bu gün başa çatır.
AzVision.az


Teqlər:





Xəbər lenti