"Alo, Qarabağ, Xankəndi ATS-i, buyurun" - Bakıdan Xankəndiyə ilk zəng

  "Alo, Qarabağ, Xankəndi ATS-i, buyurun"  - Bakıdan Xankəndiyə ilk zəng
  18 Oktyabr 2023    Oxunub:1906
“Xankəndi şəhərinə ilk beynəlxalq telefon kodu verilib. Belə ki, respublikanın digər şəhər və rayonlarından artıq 026 22 kodunu yığmaqla Xankəndi ilə əlaqə saxlamaq mümkün olacaq. Beynəlxalq danışıqlar zamanı isə “+994 26 22X XX XX” yığım formatı tətbiq olunacaq”.
Bu barədə AzVision.az-a telefon rabitəsinin digər tərəfində “Xankəndi ATS-i, buyurun” deyərək bizi salamlayan "Aztelekom"un Xankəndiyə təyin olunmuş əməkdaşı Əli Həsənov məlumat verib.

İlk olaraq Bakıdan Xankəndiyə “026 22X XX XX” yığım formatı ilə zəng təşkil edilib.
"Xocalı üçün “+994 26 205 XX XX”, Əsgəran üçün isə “+994 26 206 XX XX” nömrələri tanıdılıb və xidmət gələcəkdə Xankəndi ATS-dən göstəriləcək. Yəni mərkəz olaraq Xankəndi seçilib. Biz kiçik komandamızla qısa zamanda bu işi icra etdik. Keçirdiyimiz hissləri sözlə ifadə etmək çətindir, bunu yaşamaq lazımdır”.

Ə.Həsənov Xankəndidə artıq ilk abonentlərinə də xidmət göstərməyə başladıqlarını vurğulayıb:
“İlk olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsinə 100 mb/s internet vermişik. Onlar da bu işin tezliklə icra olunacağına inanmırdılar. İlk məqsədimiz yeni texnologiyanı quraşdırıb istifadəyə vermək idi. Bundan sonrakı prosesdə sazlama işləri və digər məsələlər həll olunacaq”.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin ümumi və baş planlarına, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı”na uyğun olaraq, ilkin mərhələdə işğaldan azad olunmuş bütün ərazilərə 1100 km magistral fiber-optik kabel və ya onun alternativi olan xətlərin layihələndirilməsi və çəkilməsi hədəflənib.

Hazırda “Onlayn Azərbaycan” layihəsinin əsas tərəfdaşı olan “Aztelekom” bu prosesi sürətli şəkildə davam etdirir. Paralel olaraq, hazırda işğaldan azad edilmiş və bərpa işlərinə başlanan şəhər və kəndlərdə, o cümlədən Şuşada, Ağdamda, Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində, Laçın rayonunda, Füzuli rayonunda fəaliyyət göstərən qurumlara və artıq məskunlaşan əhaliyə mövcud olan texniki imkanlara və tələbata uyğun olaraq telefon və internet xidmətləri göstərilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti