Məcnun Məmmədov: "Bu il 100 min ton ərzaqlıq buğda yetişdirilib"

      Məcnun Məmmədov:    "Bu il  100 min ton ərzaqlıq  buğda yetişdirilib"
  23 Oktyabr 2023    Oxunub:1146
Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər” haqqında 19 iyul 2022-ci il tarixli fərmanı çərçivəsində bu il respublikada 100 min ton ərzaqlıq buğda yetişdirilib.
Bunu AzVision.az -a açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib. Onun sözlərinə görə, bu il pilot suvarma sistemlərinin mövcud olduğu 22 min hektarda buğda əkilib: “Gələn il əlavə 14 min hektarda yeni pilot layihələr nəzərdə tutulub. Qərara əsasən, ərzaqlıq buğdanın əkikdiyi sahə 150 min hektar artırmalıdır. Bunu qarşımızı məqsəd kimi qoymuşuq”.

Xatırladaq ki, fərmanın icrası məqsədilə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Dövlət Ehtiyatları Agentliyinin Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti bu il iyunun 21-də “Ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin müəyyənləşdirilməsi barədə” sərəncam verib. Sərəncama əsasən, Nazirlər Kabineti 7 iyul 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində qeyd edilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiymətini 2023-ci il üçün 450 manat müəyyən edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti