Dünyanın ən gənc əhalisi təhsildən uzaq böyüyür

   Dünyanın ən gənc əhalisi təhsildən uzaq böyüyür
  25 Oktyabr 2023    Oxunub:2114
"Saharaaltı Afrika dünyanın inkişaf etməkdə olan 6 regionu arasında təhsildən ən çox məhrum olan bölgədir".
AzVision.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə,

İbtidai məktəb yaşlı hər beş uşaqdan birinin məktəbə gedə bilmədiyi qitədə 15-17 yaşlı gənclərin 60 faizi təhsil ala bilmir. 1,2 milyarddan çox əhalisi olan Afrikada əhalinin 677 milyonu 3-24 yaş arasında, 800 milyonu isə 25 yaşdadır.

Hesablamalara görə, əsrin ortalarına qədər Afrikada dünya uşaq və gənclər əhalisinin 40 faizi yaşayacaq.

Hazırda Afrika hökumətləri ümumimilli məhsullarının orta hesabla 4,1 faizini təhsilə xərcləsələr də, bu nisbət dünya üzrə olan 4,3 faizlik orta hesabdan aşağıdır. Əksər dövlət məktəblərinin hər il təhsil haqqı və s. kimi xərcləri valideynlərdən tələb etməsi bir çox yoxsul ailələrin uşaqlarını məktəbə göndərə bilməməsinin əsas amilidir. Valideynlərin təxminən yarısı məktəb ödənişlərinin onlar üçün problem yaratdığını bildirsə də, ailələrin 29 faizinin yaşadığı ən böyük maddi çətinlik məktəb xərcləridir. Kifayət qədər məktəblərin olmaması səbəbindən Afrika ölkələrinin yarısında hər ibtidai sinif müəlliminə 35-dən çox şagird düşür.

Təhsilə çıxışın qarşısındakı digər ən böyük maneə daxili münaqişələr və zorakılıq hadisələridir. Qitədə zorakılıq nəticəsində didərgin düşmüş insanların sayı 40 milyonu ötsə də, onların 77 faizi məcburi köçkündür. İstər terror, istərsə də münaqişələr evlərini tərk etmək məcburiyyətində qalan uşaqların təhsildən uzaqlaşmasına səbəb olur. Sudan, Somali, Efiopiya, Konqo Demokratik Respublikası, Nigeriya və Burkina Faso kimi ölkələr bunlar arasındadır.

Təkcə son 4 ildə Mərkəzi və Qərbi Afrikada zorakılıqlara görə 13200-dən çox məktəb bağlanıb. Kənd yerlərindəki xidmət çatışmazlığını isə kilsə, müxtəlif dərnəklər doldurur. Bir çox missioner məktəbləri müstəmləkə dövründən bu yana xidmətlərini davam etdirsə də, bəzi bölgələrdə ibtidai məktəb təhsili vəzifəsini mədrəsələr də öz üzərinə götürür. Ailələr bəzən öz dinindən olmasalar da, övladlarını təhsil almaq üçün bu məktəblərə göndərməli olurlar.

Bir çox imkanlı ailələr övladlarını orta məktəb və universitet təhsili üçün xaricə göndərirlər. Dünyada gənclərin 2,7 faizi xaricdə təhsil aldığı halda, Sahara altı Afrikada gənclərin 4,8 faizi xaricdə təhsil alır. Bütün qitədə tələbələrin 21 faizi özəl məktəblərə gedir ki, bu da bir çox inkişaf etməkdə olan ölkələrdən yüksəkdir.

Təhsil probleminin yaratdığı ən böyük problemlərdən biri də ixtisaslı işçi qüvvəsidir. İqtisadiyyatları durmadan böyüyən və kontinental azad ticarət sazişi ilə daxili ticarətini genişləndirməyi hədəfləyən qitə ölkələrinin müxtəlif sahələrdə ixtiosaslı kadrlara ehtiyacı var.

Beyin axını səbəbindən bir çox gəncini inkişaf etmiş iqtisadiyyatlara itirən Afrikada ixtisaslı işçi qüvvəsinin sayı hazırda 150 milyon civarındadır. Çin, Türkiyə və Rusiya kimi ölkələrdən, xüsusən də Qərb ölkələrindən texnologiya, nəqliyyat və sənaye kimi sahələrdə dəstək alan qitədə yeni iş sahələrində də böyük işçi çatışmazlığı var.

Dünya İqtisadi Forumunun hesablamalarına görə, qarşıdakı 20 il ərzində hər il 15-20 milyon gənc Afrika işçi qüvvəsinə qoşulacaq və əhalinin artması səbəbindən 2050-ci ilə qədər dünyada hər dörd işçidən biri afrikalı olacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti