“Təhsildə yeni çağırışlar” üzrə ilk regional konfrans Lənkəranda baş tutacaq

   “Təhsildə yeni çağırışlar” üzrə ilk regional konfrans Lənkəranda baş tutacaq
  07 Mart 2024    Oxunub:1218
“Təhsildə yeni çağırışlar” regional konfranslarına start verilir.
AzVision.az xəbər verir ki, ilk regional konfrans martın 14-də Lənkəranda təşkil olunacaq. Konfrans Lənkəran–Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün nəzərdə tutulur.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan konfransın məqsədi qabaqcıl müəllim, təhsil idarəedicilərinin təcrübəsini öyrənmək, səmərəli əməkdaşlığa təkan vermək, eləcə də regional diskussiya platforması yaratmaqdır.

Konfransda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva, Türkiyənin Qazi Universitetinin müəllimi Necati Cemaloğlu, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan, “T–Network” platformasının rəhbəri Cəfər Mənsimi çıxış edəcəklər.

Konfrans Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “T–Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Lənkəran–Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə keçiriləcək. Konfransa media dəstəyi isə Təhsil TV və “Azərbaycan müəllimi” qəzeti tərəfindən göstəriləcək.

Konfransda iştirak etmək istəyən hər müəllim şəxsi feysbuk profilində “Mən müəllim olmağımla qürur duyuram, çünki...” cümləsini qeyd edərək tamamlamalı və hər kəsə açıq formada #dahatəhsilligələcək həştəqi ilə paylaşmalıdır. Sonra isə müvafiq link vasitəsilə qeydiyyatdan keçməlidir.

Qeyd edək ki, konfransda iştirak üçün yalnız seçilmiş şəxslərlə əlaqə yaradılacaq. İştirakçılara sertifikat veriləcək.

AzVision.az


Teqlər: təhsil   konfrans   Lənkəran  





Xəbər lenti