AMEA Türkiyə universiteti ilə əməkdaşlıq edəcək

 AMEA Türkiyə universiteti ilə əməkdaşlıq edəcək
  13 Mart 2024    Oxunub:1260
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universitetinin rektoru professor Ramazan Cüneyt Erenoğlu ilə görüşüb.
AMEA-dan AzVision.az -a bildirilib ki, görüşdə çıxış edən akademik İsa Həbibbəyli tarixi köklərə malik Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətlərinin müasir dövrdə yeni mərhələyə qədəm qoyduğunu və bu əlaqələrin təməlində Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fikrinin dayandığını söyləyib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sıx dostluq münasibətləri sayəsində əməkdaşlığımız strateji müttəfiqlik səviyyəsinə yüksəlib və ölkələrimizin bütün qurumları, o cümlədən elmi qurumları arasında yaxın əlaqələr mövcuddur.

Qardaş Türkiyənin Vətən müharibəsində Azərbaycana verdiyi dəstəyi xatırladan akademik İsa Həbibbəyli eynilə Çanaqqala savaşında soydaşlarımızın da türk xalqının yanında olaraq şəhidlik zirvəsinə ucaldıqlarını, bu şəhərin ölkəmiz üçün daim doğma olduğunu bildirib.

AMEA-nın tarixi barədə məlumat verən akademik İsa Həbibbəyli gələn il Milli Elmlər Akademiyasının 80 illik yubileyinin qeyd olunacağını və rəhbərlik etdiyi qurumun ötən illər ərzində şərəfli yol keçərək Azərbaycan və dünya elmi üçün misilsiz töhfələr verdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, AMEA son illərdə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), Türkiyə Elmlər Akademiyası (TUBA), Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və digər akademik və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.

Akademik İsa Həbibbəyli qeyd edib ki, ölkəmizdə elm və təhsil sahəsində aparılan islahatlardan sonra Elmlər Akademiyası öz tabeliyində humanitar və ictimai elmləri, o cümlədən Respublika Seysmoloji Xidmət Mərkəzini əhatə edir və bu istiqamətlərdə Çanaqqala Onsəkkiz Mart Universiteti ilə əməkdaşlıq etməyə hazırdır.

Görüşdə rektor Ramazan Cüneyt Erenoğlu Onsəkkiz Mart Universiteti və burada aparılan tədqiqatlar barədə məlumat verib. O, ədəbiyyat, tarix, arxeologiya, siyasi elmlər, seysmologiya sahələrində və birgə doktorantura hazırlığında akademiya ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Çıxışlardan sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi akademik İsa Həbibbəyli və professor Ramazan Cüneyt Erenoğlu imzalayıblar.

Sonda qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası və AMEA-TÜBİTAK Koordinasiya Mərkəzi ilə tanış olublar.

Görüşdə Çanaqqala Onsəkkiz Mart Universitetinin professoru Vedat Çalışkan, kulturologiya elmləri doktoru Çingiz Abdullayev, AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri Ağahüseyn Şükürov, Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdir müavinləri Aytən Hüseynova və Samir Səttarov da iştirak ediblər.

AzVision.az


Teqlər: AMEA   Türkiyə   universitet   əməkdaşlıq  





Xəbər lenti