Beyinlər internetə birləşəcək – GƏLƏCƏYİN PROQNOZLARI

Beyinlər internetə birləşəcək – GƏLƏCƏYİN PROQNOZLARI
  12 İyul 2014    Oxunub:2009
Gələcəkdə bizi nələrin gözləməsi sualı hamı üçün maraqlıdır. Üstəlik, buna həm də hazır olmaq lazımdır. Ona görə də, nüfuzlu araşdırma mərkəzləri, rəsmi qurumlar, tanınmış futuroloqlar və elm adamları həmişə gələcəyi öngörməyə çalışırlar.

Gələcəyin proqnozları iki metod əsasında hazırlanır: hazırkı vəziyyətin ekstrapolyasiyası və tarixi məlumatlar əsasında modelləşdirmə.

Proqnozlaşdırma, təbii ki, dəqiq elm deyil. Müxtəlif ekspertlər fərqli metodlarla eyni hadisələri proqnozlaşdıra bilərlər.

Bəs yaxın gələcəklə bağlı hansı proqnozlar var? AzVision.az ən etibarlı proqnozları oxucularına təqdim edir. Bəzi proqnozların mənbələri mötərizədə göstərilib.

2020-2025

- Kompüterlərin hesablama gücü insan beynini keçəcək (Raymond Kurtsvayl)
- Texnoloji sinqulyarlıq (Texnologiyaların böyük sıçrayışlı inkişafı və kompüterlər tərəfindən insanın anlamayacağı dərəcədə mürəkkəb texnikaların yaradılması) baş verəcək. Maşınlar özləri özlərini inkişaf etdirməyə başlayacaqlar.
- Əksər ailələrdə insanabənzər məişət robotları olacaq, ev işlərinin böyük qismini onlar görəcəklər (TechCast).
- Cərahiyyə əmaliyyatları robotlara həvalə olunacaq.
- ABŞ Ordusunda əsgərlərin 1/3 hissəsi robotlarla əvəzlənəcək (Pentaqon)
- Alternativ enerji mənbələri energetikanın 30%-ni təmin edəcək
- “Ağıllı paltarlar” yaradılacaq.

2025-2030

- İnsan beyninə çiplərin yerləşdirilməsi onun elektron cihazlarla fikir mübadiləsinə imkan yaradacaq. (İntel).
- Dünyada milyonçuların sayı bir milyarda çatacaq (Ceyms Kanton)
- Yer Kürəsinin əhalisi 8 milyardı keçəcək (BMT)
- Virtual reallıq birbaşa insanın beyninə yüklənəcək.
- Orta ömür 130 il olacaq (Rey Hemmond)
- Avtomobillərin çoxu avtomatik idarəetməyə keçəcək və peyklərdən, həmçinin nəqliyyat mərkəzlərindən idarə olunacaqlar.
- Ayda insan koloniyası yaradılacaq.
- Nəğd pullar tamamilə dövriyyədən çıxacaq.
- Dünyada su qıtlığı üzündən dəniz suyunun böyük miqyasda şirinləşdirilməsinə başlanılacaq. Çoxlu miqdarda faydalı qazıntıların olduğu Arktikaya sahiblənmək uğrunda mübarizə qızışacaq.

2030-2040

- Çiplərin implantasiyası insan beyninin birbaşa internetə qoşulmasına imkan yaradacaq.
- Mobil telefonlar sıradan çıxacaq. Prinsipcə tamam fərqli rabitə metodları yaranacaq.
- Çinin iqtisadiyyatı ABŞ-ı ötəcək (Goldman Sachs)
- Dollar dünya valyutası statusunu itirəcək
- Başqa planetlərdə faydalı qazıntıların hasilatına başlanılacaq (Piter Diamandis)
- İlk tam avtonom robot-əsgərlər döyüş meydanlarına buraxılacaqlar (Pentaqon)
- Marsda insan koloniyası yaradılacaq
- Yer tipli uzaq planetlərin fotoları çəkiləcək

2040-2050

- İnsanları əvəz edə biləcək Avatarlar yaradılacaq
- Yer Kürəsinin əhalisi 10 milyardı keçəcək (BMT)
- İnsan klonlaşdırılacaq və ayrı-ayrı orqanların yetişdirilməsi kütləvi hal alacaq

2080:

Dünya okeanının 18 sm qalxması nəticəsində Afrikanın böyük qismi su altında qala bilər

Tariyel Həsənov
AzVision.az



Teqlər:  





Xəbər lenti