Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib - FOTOLAR

Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib -    FOTOLAR
  16 Sentyabr 2024    Oxunub:937
Pakistan nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, iqtisadiyyat nazirinin müavini, Birgə İşçi Qrupunun həmsədri Səməd Bəşirli Azərbaycan və Pakistan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, Pakistan şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətinə diqqət çəkib. Bildirilib ki, iki ölkə arasında imzalanmış Preferensial Ticarət Sazişi gələcəkdə ticarət dövriyyəsinin həcminin artırılması və səmərəli iqtisadi əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Pakistan iş adamları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində və sənaye parklarında yaradılmış əlverişli imkanlardan yararlanmağa, kənd təsərrüfatı, yüngül sənaye, turizm və s. sahələrə investisiya yatırmağa dəvət ediliblər.


Pakistanın Ticarət Nazirliyinin katibi, Birgə İşçi Qrupunun həmsədri Camal Paul ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini vurğulayıb, tərəfdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, ölkələrimiz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrdə əməkdaşlığı daha da dərinləşdirir. İclasda əməkdaşlıq istiqamətləri üzrə bir sıra təkliflər irəli sürülüb, qarşılıqlı investisiya qoyuluşlarının intensivləşdirilməsi və ticarət dövriyyəsi həcminin artırılması üçün təkliflər
səsləndirilib. Ticarət sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi, tekstil, turizm və enerji sektorunda sərmayələrin yatırılması, habelə kiçik və orta biznes dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Sonda Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 4-cü iclasının yekun Protokolu imzalanıb.

AzVision.az

Qalereya




Teqlər: İqtisadiyyat-Nazirliyi   Pakistan   görüş  





Xəbər lenti