Orban: “Aİ-nin tənqidinə fikir verməyin”

   Orban:    “Aİ-nin tənqidinə fikir verməyin”
  29 Oktyabr 2024    Oxunub:727
Macarıstanın baş naziri Viktor Orban oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərini azad və demokratik proses kimi qiymətləndirib.
AzVision.az xəbər verir ki, Parlament seçkilərindən dərhal sonra Gürcüstana səfərə gəlmiş Macarıstanın baş naziri Viktor Orban gürcü həmkarı İrakli Kobaxidze ilə Tbilisidə keçirdiyi birgə brifinqdə Gürcüstanda keçirilən seçkilərə reaksiyanı diqqətlə izlədiyini və heç kimin seçkilərin demokratik olmadığını deməyə cəsarət etmədiyini vurğulayıb.

“Macarıstan da öz müşahidəçilərini göndərir. Mən onların hesabatını öyrəndim və bütün aspektlər müsbət oldu, seçkilər azad və demokratik keçdi. Heç kim öz ölkəsinin məhv olmasını istəmir. Ona görə də, biz sülh istiqamətində seçim edən gürcü xalqının verdiyi qərarı anlayırıq. Gürcü xalqı sülh, Avropa seçimini etdi”, - Viktor Orban deyib.

Gürcüstanda keçirilən seçkilərlə bağlı Brüsselin tənqidinə gəlincə, Macarıstanın baş naziri Gürcüstan hakimiyyətinə buna əhəmiyyət verməməyi tövsiyə edib. Onun sözlərinə görə, Avropa İttifaqında (Aİ) bu, həmişə hansısa ölkədə mühafizəkar partiya qalib gələndə olur və elə Macarıstanda da eyni vəziyyət yaşanıb.

Eyni zamanda, Orban Gürcüstanın Avropa kursundan uzaqlaşması ilə bağlı deyilənləri gülünc adlandırıb: “İnanıram ki, Gürcüstanın hakim partiyası Avropaya inteqrasiya kursuna sadiqdir”. Macarıstanın baş naziri onilliyin sonuna qədər Gürcüstanın Aİ üzvlüyünə hazır olacağına əminliyini ifadə edib.

Vaşinqton Gürcüstanı hədələyir
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası qalib gəlib. Bir neçə aydır ki, rəsmi Tbilisiyə sərt təzyiqlər göstərməyə çalışna kollektiv Qərb və onun Gürcüstandakı təmsilçisi prezident Salome Zurabişvili seçkilər zamanı ciddi pozuntulara yol verildiyini iddia edərək, onun nəticələrini tanımaqdan imtina ediblər.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Orban   Gürcüstan    





Xəbər lenti