Makron reytinq anti-rekordunu yeniləyib

   Makron reytinq    anti-rekordunu    yeniləyib
  31 Oktyabr 2024    Oxunub:1112
Fransa prezidenti Emmanuel Makronun reytinqi rekord həddə düşüb, dövlət başçısını fransızların yalnız 17%-i dəstəkləyir.
AzVision.az xəbər verir ki, “Verian-Yepoka” şirkətinin “Figaro Magazine” nəşri üçün keçirdiyi sorğunun nəticələrinə görə, Makronun populyarlığı daha 5% azalaraq 17%-ə düşüb. Bu, Fransa liderinin 2017-ci ildə seçilməsindən sonra ona göstərilən ən aşağı etimaddır. Respondentlərin daha 78%-i prezidentin fəaliyyətindən narazı olduqlarını bildirib.

“Onun dəstəyi “sarı jiletlilər” böhranının zirvəsində olduğundan daha zəifdir. Makronun populyarlığının azalması iyunda parlamentin buraxılması ilə bağlıdır - fransızlar bu addımı başa düşmədilər. Emmanuel Macron üçün problem odur ki, bu tənəzzül onun artıq hakimiyyətə nəzarət etmədiyi zaman baş verir. Mişel Barnye baş nazir təyin edildikdən sonra artıq hökumət qərarlarına heç bir təsir göstərməyən prezident fəal siyasi həyatdan uzaqlaşıb”, -sorğunun nəticələrində bildirilir.

Eyni zamanda, fransızların siyasi üstünlük verdikləri sağçı “Milli Birlik” partiyasının prezidenti Jordan Bardella və onun parlamentdəki fraksiyasının lideri Marin Le Pen Makronu qabaqlayırlar.

Daha əvvəl Makronun partiyasının fəallarının sayı il ərzində 35 mindən 8,5 minə qədər azalıb. Bir ay ərzində dörd deputat Fransa Milli Assambleyasında növbədənkənar parlament seçkilərindən sonra onun siyasəti ilə razılaşmadığı üçün Makronun fraksiyasını tərk edib.

Bununla belə, lideri olduğu partiyanın Fransa parlamentinə və Avropa Parlamentinə seçkilərdə rüsvayçı nəticələrinə rəğmən, Emmanuel Makron prezidentlik postunu tərk etmək niyyətində olmadığını deyil və 2027-ci ilin mayında keçiriləcək seçkilərə qədər vəzifəsində qalacağını açıqlamışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Makron   reytinq   anti-rekord  





Xəbər lenti