Hamiləlik ağırlaşmasının müalicəsi tibbi sığorta ilə qarşılanır

Hamiləlik ağırlaşmasının müalicəsi tibbi sığorta ilə qarşılanır
  18 Fevral 2025    Oxunub:611
Hamiləlik zamanı həm ananın, həm də uşağın sağlamlığı üçün ciddi təhlükə yaradan preeklampsiyanın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır. Preeklampsiya hamilənin qan təzyiqinin yüksəlməsi, proteinuriya və ödəmlərlə xarakterizə olunan ciddi hamiləlik ağırlaşmasıdır. Bu vəziyyət hamiləliyin 20-ci həftəsindən sonra inkişaf edir. Xəstəliyin yaranma səbəbi plasentada (ciftdə) qan dövranının pozulması, immun sistemin zəifləməsi, ekstragenital xəstəliklər, qidalanma və ekoloji amillərlə əlaqələndirilir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, ixtisaslı həkim müayinəsi, ana və uşağın sağlamlıq vəziyyətinin mütəmadi qiymətləndirilməsi, ambulator və stasionar müşahidə, USM və dopler müayinəsi, uşağın ürək döyüntülərinə qulaq asılması (kardiotokoqrafiya), laborator analizlər və digər müayinələr, doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı (tibbi göstəriş əsasında) icbari tibbi sığorta ilə qarşılanır.

Stasionar xidmət zamanı dərman, tibbi sərfiyyat və qidalanma icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir. Qeyd edək ki, vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə təminata alınıb.

Hamilə qadın tibbi xidmətlərdən istifadə etmək üçün ilk növbədə yaşadığı ərazi üzrə qadın məsləhətxanasına, Ailə Sağlamlıq Mərkəzinə və ya digər ambulator xidmət göstərən tibb müəssisələrinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqəsi verilir, hamilə doğuşun təşkili üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki müvafiq ixtisaslı dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna yönləndirilir.

Fəsadlar arasında ciftin qopması, qanaxma, uşağın bətndaxili inkişafının ləngiməsi və bətndaxili ölümü, insult, böyüklərdə tənəffüs çatışmazlığı, kəskin böyrək çatışmazlığı, ağciyər ödəminin inkişafı mümkündür. İlk hamiləlik, süni mayalanma, çoxdöllü hamiləlik, doğuşlararası zamanın 2 ildən az, 10 ildən çox olması, ananın yaşının 18-dən aşağı, 35-dən yuxarı olması, şəkərli diabet, xroniki hipertenziya, öncəki hamiləlikdə və ya ailə anamnezində (anada, bacıda) preeklampsiyanın olması bu xəstəliyin risk faktorlarıdır.

Preeklampsiya aşkar olunarsa, ana və uşağın sağlamlıq vəziyyətini yaxından izləmək, mütəmadi tibbi müayinə və müalicə (pəhriz, fiziki aktivlik, antihipertenziv və qıcolma əleyhinə dərman preparatları) təyin edilməlidir. Ağır preeklampsiya və eklampsiya zamanı isə hamilə qadın stasionar müşahidəyə alınır. Əsas müalicəsi hamiləliyin sonlandırılması, yəni döl və ciftin doğulmasıdır. Hamiləlik 37 həftəni keçibsə, hamiləliyin doğuşla və ya qeysəriyyə kəsiyi ilə sonlandırılması tövsiyə olunur. Daha erkən hamiləlik müddətində, ağır preeklampsiya yaranırsa, ana və körpənin həyatı risk altındadırsa, vaxtından əvvəl təcili doğuş həyata keçirilə bilər.

Preeklampsiyanın yüngül, orta, ağır dərəcələri var. Ağır preeklampsiya zamanı kəskin baş ağrıları, ürəkbulanma və ya qusma, görmə pozğunluğu, daxili orqanların zədələnməsi əlamətləri - epiqastral və sağ qabırğaaltı nahiyədə ağrılar, qəflətən yaranan və bütün bədəni əhatə edən yayılmış ödəmlər (xüsusilə üz və ya bel nahiyəsi), sarılıq, uşağın bətndaxili inkişafının ləngiməsi və digər simptomlar müşahidə olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti