Gəncədən Şuşaya müntəzəm avtobus reysi istifadəyə veriləcək

Gəncədən Şuşaya müntəzəm avtobus reysi istifadəyə veriləcək
  27 Fevral 2025    Oxunub:336
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 28 fevral tarixindən Gəncədən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, məqsəd "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

Reyslər Gəncə Beynəlxalq Avtovağzalından hər gün saat 08:00-da, Şuşa şəhərindən Gəncəyə isə 14:45-də həyata keçiriləcək.

Gəncə-Şuşa-Gəncə reysi üzrə bir istiqamət üçün biletin qiyməti 6,20 manat təşkil edir. Bu reys üzrə Tərtər, Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələr olaraq müəyyən edilib. Gəncə-Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 5,20 manat, Gəncə-Xankəndi 5,70 manat, Tərtər-Xocalı 2,40 manat, Tərtər-Xankəndi 2,80 manat və Tərtər-Şuşa aralıq məntəqəsi üçün biletin qiyməti 3,30 manatdır.

Biletləri "biletim.az" portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.

Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

AzVision.az


Teqlər:





Xəbər lenti