Husilər İsraildə aviabazaya raket atıblar

   Husilər İsraildə aviabazaya raket atıblar
  02 May 2025    Oxunub:737
Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" terror qruplaşması İsrailin şimalında Heyfa şəhərindəki "Ramat David" aviabazasına ballistik raket zərbəsi endirib.
Bu barədə qruplaşma bəyanat yayıb. İsrail Ordusunun mətbuat xidməti də faktı təsdiqləyib. Bildirilir ki, hücum fonunda aviabazada, habelə bütün Heyfa şəhərində həyəcan siqnalı verilib.

Ballistik raket hədəfə toxunmadan havadaca vurularaq zərərsizləşdirilib. Hər hansı itki və ziyan barədə hələlik təfərrüat açıqlanmayıb.
Pentaqon: "İran husiləri dəstəkləməyin cavabını verəcək"

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın martın 15-də verdiyi əmrə əsasən, ABŞ Hərbi Hava Qüvvələri Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşmasının mövqelərinə aviazərbələr endirməyə başlayıb. Öz növbəsində, husilər də ciddi əks-hücuma keçiblər. Onlar "Qəzza zolağında mühasirə başa çatmayınca bu ölkə ilə əlaqəli gəmiləri Qırmızı dəniz və ətraf sularda hədəfə alacaqlarını" diqqətə çatdırıblar. Qruplaşma bu çərçivədə İsrailə qarşı birbaşa raket hücumları da həyata keçirməyə başlayıb.

"Husi" qruplaşması ötən ilin noyabrından bəri Qəzzada müharibəyə etiraz məqsədilə Qırmızı dəniz regionunda əsasən İsraillə əlaqəli gəmiləri hədəfə almaqda idi. Bu dəniz ticarəti və ümumiyyətlə, qlobal iqtisadiyyatı ciddi təhlükə altına almışdı. ABŞ və Britaniya terrorçularla mübarizə məqsədilə regiona qoşun göndərmiş, onlara qarşı bir sıra uğurlu əməliyyat keçirmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Husilər   İsrail   münaqişə   raket   hücum  





Xəbər lenti