Tiflisdən `aldığımız` Bakı Dövlət Universiteti – TARİX

Tiflisdən `aldığımız` Bakı Dövlət Universiteti – TARİX
  17 Noyabr 2014    Oxunub:8967
Düz 96 il əvvəl “Azərbaycan” qəzetinin 1918-ci il, 17 noyabr tarixli nömrəsində “Darülfünun açılması” başlığı altında məqalədə dərc olunmuşdu. Söhbət müsəlman Şərqində ilk Avropa tipli ali məktəb olan Bakı Darülfünu – bugünkü BDU-nun açılmasından gedirdi. Bununla əlaqədar universitetin ilk rektoru V.İ.Razumovski yazırdı: “Azərbaycan öz maarif ocağını yaratdı, türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Asiya ilə Avropanın qovşağında yeni bir məşəl yandı”.

Çar hakimiyyəti dövründə Cənubi Qafqazda ali məktəb açılmamışdı. Bunun da səbəbləri məlumdur. Fevral inqilabının (1917) nəticəsində yaradılmış Müvəqqəti Hökümət isə Cənubi Qafqazda yeganə ali məktəbi - “Rus Universiteti”ni Tiflisdə açmaq niyyətində idi.

Bu məqsədlə Tiflisdə yerli Ali qadın kurslarının professorlarından ibarət komissiya da yaradılmışdı. Komissiyaya sonradan Bakı universitetinin açılmasında mühüm rol oynamış professor V.İ.Razumovski başçılıq etdi. O, öz xatirələrində yazırdı: “Qafqaz Zaqafqaziya Respublikası kimi Rusiyadan ayrıldı və gürcülərdən, ermənilərdən, türklərdən ibarət qarışıq hökümət təşkil edildi. Bu dövrdə Xalq maarifi naziri Fətəli xan Xoyski idi. Biz Tiflisdə “Rus universiteti”nin təşkili üçün apardığımız işdən istifadə etməyi həmin hökümətə təklif etdik. Nazir bizi dinlədi, Qafqazda rus universitetinin təsis edilməsinə rəğbətini bildirdi, lakin əlavə etdi ki, “Bəs niyə Tiflisdə? Tiflisdə Politexnikum var, indi də gürcü universiteti... Bəlkə universiteti Bakıda açmaq daha düzgün olardı?”

Az sonra Zaqafqaziya Respublikası üç müstəqil Respublikaya parçalandı. Buna baxmayaraq, 1918-ci ilin iyulunda Ali qadın kursları Zaqafqaziya universitetinə çevrildi, Razumovski də onun rektoru seçildi.

Lakin universitet fəaliyyətə başladığı ilk günlərdən maliyyə çətinlikləri üzləşirdi və məlum oldu ki, onun Tiflisdə fəaliyyət göstərməsi mümkün olmayacaq. Beləliklə, yenicə açılmış universitetin Yekaterinodar, İrəvan və ya Bakıya köçürülməsi məsələsi meydana çıxdı.

Azərbaycan Xalq Cümhuriyyəti Höküməti universitetin Bakı şəhərində açılmasına böyük əhəmiyyət verirdi. Razumovski bu dövrdə Cümhuriyyət Hökümətinin Xalq maarif nazirinin müavini Həmid bəy Şahtaxtinskinin universitetin Bakıya köçürülməsi təklifi ilə Tiflisə gəldiyini də öz qeydlərində yazıb. Onu da qeyd edim ki, məhz bu dövrdə Azərbaycanda mövcud tarixi şərait Bakıda universitetin açılmasını labüd edirdi, həmçinin Azərbaycanın real intellektual potensialı da buna imkan verirdi.

Zaqafqaziya universitetinin Tiflisdə fəaliyyət göstərə bilməməsi professorlar şurasını qətiyyətli hərəkət etməyə vadar edirdi. 1919 – cu ilin martında Razumovski universitet şurasının iclasında Bakıya köçmək haqqında təklif irəli sürdü və bunu Bakıdan alınmış təkliflərin daha real və sanballı olması ilə əlaqələndirdi. Şuranın əksər üzvləri universitetin Bakıya köçürülməsinin tərəfdarı olsalar da bir qrup, xüsusən ermənilər bunun əleyhinə çıxdılar.

Məsələnin qəti həlli üçün komissiya yaradıldı. N.A.Dubrovski, L.A.İşkov və İ.S.Sitoviçdən ibarət nümayəndə heyəti Cümhuriyyət Höküməti ilə danışıqlar aparmaq, real vəziyyətlə yerində tanış olmaq üçün Bakıya göndərildi.

Danışıqların gedişində Azərbaycan Höküməti, Tiflisdəki universitetin Bakıya köçürülməyəcəyi halda belə, öz universitetini yaratmaqda israrlı olduğunu nümayəndə heyətinin diqqətinə çatdırır. Bu müddət ərzində Həmid bəy Şahtaxtinski V.İ.Razumovskiyə teleqram göndərib, Bakıda yeni universitetin açılacağını bildirdi və bu universitetin təşkilini öz üzərinə götürməyi ona təklif etdi...

Razumovski nazir müavinin təklifini qəbul edib, Zaqafqaziya Universitetinin rektoru vəzifəsindən imtina etdi və razılıq verdiyini teleqraf vasitəsilə Bakıya bildirdi. Azərbaycan Xalq Maarifi Nazirliyi nəzdində universitet komissiyası haqqında əsasnamə qəbul edildi və 1919-cu ilin mayın 19 da Hökümət komissiyanı təsdiqlədi. Komissiyanın tərkibinə Prof. Razumovski (sədr), prof. A.M.Levin, prof. N.A.Dubrovski, İ.A.Babuşkin (katib) ilə yanaşı Xalq Maarif Nazirliyində V.İrzayev, M.A.Şahtaxtinski, şəhər ozünüidarəsindən şəhər idarəsinin üzvü Əlicabbar Orucəliyev, “Neft sənayeçiləri qurultayı” şurasından A.N.Sarapov, M.Sultanov daxil edildi. Bundan başqa, Bakı müalicəxanalarının üç baş həkimi – kimyaçı L.Q.Qurviç, zooloq A.N.Derjavin, əczaçılıq magistri İ.K.Qolberq də universitet komissiyasının fəaliyyətinə cəlb olundular.

Komissiyaya geniş hüquqla verilmişdi. Belə ki, komissiya üzvləri Hökümət başçısınadək hər bir yüksək vəzifə sahibinə birbaşa müraciət etmək səlahiyyətinə sahib idilər.

Hökümət iyunun 16-da universitet komissiyasının ştatlarını təsdiq edib, maaşları müəyyənləşdirdi. Ölkənin iqtisadi vəziyyətinin mürəkkəb olduğu bir şəraitdə universitet üçün tələb olunan maliyyə vəsaiti komissiyanın təklif etdiyi 3,5 milyon manatdan 5 milyon manata qədər artırıldı. Amma 1919-cu il avqustun 21 də Parlamentdə universitetin təsis edilməsi haqqında qanun layihəsinin ilkin müzakirəsi göstərdi ki, universitetin açılmasına əksəriyyətin tərəfdar olması ilə yanaşı, bunun əleyhdarları da var. Onlar rus dilində açılacaq universitetin ruslaşdırma ocağı olacağından ehtiyat edirdilər. Amma belə fikirlərə baxmayaraq, 1919-cu ilin sentyabrın 1-də Parlament “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında qanun” layihəsini qəbul etdi.

Universitetin açılması haqqında qanunda onun dörd fakültədən: tarix- filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət olduğu göstərilirdi. Xüsusi qeyd olumuşdu ki, Azərbaycan (türk) dili bütün fakültələrdə icbari fənn kimi tədris olunmalıdır.

Universitetə həm kişilər həm də qadınlar bərabərhüquqla qəbul olunurdular. Qəbulda Azərbaycan vətəndaşlarına isə üstünlük verilirdi.

Universitetin təşkilat komissiyası V.İ.Razumovskini universitetin rektoru, görkəmli tarixçi, publisist N.A.Dubrovskini tarix-filologiya fakültəsinin, prof.İ.İ.Şirokoqorovu tibb fakültəsinin dekanı seçdi. Universitet Şurasının 1919-cu ilin noyabrın 10-da keçirilən birinci iclasında universitetin akademik heyəti də təsdiq olundu. 1919-cu ilin noyabrın 15 də universitetdə birinci dərs günü elan edildi .

Universitetdə 4 fakültə açılması qəralaşdırılsa da, 1919-1920 tədris ilində ancaq tibb və tarix-filologiya fakültəsini açmaq mümkün oldu. Tarix-filologiya fakültəsində Məhəmməd Əmin Rəsulzadə və maarif naziri Rəşid Qaplanov Osmanlı ədəbiyyatından, Məhəmməd ağa Şahtaxtlı isə Azərbaycan dilinin qrammatikasından mühazirələr oxuyurdular.

İlk tədris ilində universitetdə təhsil alan tələbələrin sayı 877 nəfər idi. Bundan başqa 217 nəfər azad dinləyici qəbul edilmişdi.

BDU özünün ilk bəhrəsini 1922-ci ildə verdi: 30 nəfər gənc ali təhsilli həkim adına layiq olmaları barədə universitet diplomu aldı. Bu məzunların iki nəfəri azərbaycanlı qızlar idi: Ədilə xanım Şahtaxtlı tibb sahəsində ilk azərbaycanlı qadın elmlər doktoru, Cənnət xanım Sultanova isə respublikanın adlı-sanlı həkimi oldu.

Nərmin Məmmədova


Teqlər:





Xəbər lenti