Bakıda imtahan həyəcanı - Kimi sevinir, kimi də... (Reportaj)

Bakıda imtahan həyəcanı - Kimi sevinir, kimi də... (Reportaj)
  25 İyul 2015    Oxunub:6610
Biz universitetin qarşısına çatanda artıq imtahan başa çatmışdı. Hər kəs həyəcanla yazdığı sualların cavabını yoxlayırdı. Kimi ağlayır, kimi təəssüflənir, kimi də bildiyi sualı səhv yazdığına görə özünü qınayırdı.

Özümüzü təqdim edib Bakı Biznes Universitetində ali məktəbə daxil olmaq üçün baş sındıran abituriyentlərə yaxınlaşdıq. Havanın çox isti olmasına baxmayaraq, imtahan verənlərin demək olar əksər qohumları, yaxınları məktəbin qarşısında imtahandan çıxmış abituriyentlərə təsəlli verirdilər.

Hər kəsin üzündə təlaş və narahatlıq hiss olunurdu.



Qızının yaxşı bal toplayacağına inanan Vüsalə Qədimova deyir ki, qızı ali məktəbə qəbul olmasa belə onu danlamayacaq: “Amma inanıram ki, qızım 400-dən yuxarı bal toplayıb. Çünki sınaq imtahanlarında elə olub ki, 500 bal yığıb. Görək də, Allah Kərimdir”.



İmtahana dostları ilə gələn Rasim isə deyir ki, ingilis dili fənnindən salınan suallar çətin olduğundan yalnız bu fəndən zəif nəticə göstərib. Amma o, da yaxşı bal yığacağına əmindir.

Oğlu İlqarı imtahana gətirən Tahirə xanım bizi fürsət bilib şikayətləndi:



“Üç ildir repetitorlara pul verməkdən yorulmuşam. Bezmişik. Məktəbdə dərs keçilmir, kimə desən də, xeyri yoxdur. Ayda 360 manat müəllimlərə pul vermişəm. Bu il qiymətləri daha da qaldırdılar. Üç ildə soyulduq, axırı yaxşı olsun təki...”



İki övladını imtahana gətirən Xuraman xanımın sözlərinə görə, övladlarının pulsuz yerlərə düşəcəyinə əmindir: “Qızım çox yaxşı oxuyub. Sınaq imtahanlarında 600-dən çox bal yığıb, oğlan da sonuncu sınaqda 620 bal yığmışdı. Təki qəbul olsunlar, oxudacam”.



İmtahandan çıxan nəzarətçilərlə də söhbətləşdik. Heç bir narazılığın olmadığını deyən Samirə Əliyeva heç kimin imtahandan kənarlaşdırılmadığını söylədi: “İmtahan tam sərbəst şəkildə aparıldı. Heç kim köçürməyə cəhd etmədi. Abituriyentlər sakit şəkildə bildikləri cavabları yazıb çıxdılar”.



İkinci qrupa imtahan verən Elnarə Adilova sualların asan olduğunu deyir: “Bir il müəllim yanına hazırlığa getmişəm. Bakı Dövlət Universitetinə qəbul olmaq istəyirəm. Coğrafiya və tarix fənnindən bir neçə sual az yazmışam. Hesab edirəm ki, 400 balı keçmişəm. Amma istəyirəm ki 500-i keçim. İndi kitabçadakı sualları müəllimlərimə çəkib göndərəcəyəm, düzgün cavabı onlar deyəcək”.



Böyük qızının İqtisad Universitetində oxuduğunu deyən Elnarə Adilovanın anası Gülnar Adilova qızına inandığını deyir.

Yaxınları ilə imtahanın nəticələri yoxlayan orta yaşlı valideyn şikayətlənərək müəllimlərin ancaq evdə dərs keçməyə üstünlük verdiklərini bildirir: “İndi Bakıda ucuz repetitor 50 manatdır. 11-ci sinifləri isə 70 manatdan aşağı hazırlaşdıran yoxdur. Belə biabırçılıq olar?

Uşağı iki il repetitor yanına qoymuşam. Əlavə hazırlıqsız qəbul olmaq mümkün deyil. Uşaq özünü öldürməklə deyil, gərək istiqamət verən müəllim olsun. İki uşaq hazırlığa gedir, indi daha biri qaldı. Yəqin ki, uşaq imtahandan keçər, məni ümidsiz etməz”.



Valideynlərlə uşaqlar arasında maraqlı dialoqun da şahidi olduq:

Abituriyent: Suallar yaxşı deyildi, ana

Valideyn: Necə yəni, ürəyimi partlatma…

Abituriyent: Balım az olacaq, texnikumu istəmirəm

Valideyn: Pulluya düşsən, oxutmayacağam...







Gültəkin Ələsgər
Nuron Məmmədov



Teqlər:  





Xəbər lenti