Pluton da fəth edildi – FOTOLAR, VİDEO

Pluton da fəth edildi – FOTOLAR, VİDEO
  27 Avqust 2015    Oxunub:8214
NASA-nın 2006-cı ilin yanvarında səmaya buraxdığı `New Horizons` (`Yeni Üfüqlər`) kosmik aparatı, nəhayət, bu ilin iyul ayında Plutona çatdı, indi isə missiyasını başa çatdırıb, Günəş sisteminin ən uzaq zonasını – Koyper qurşağını tədqiq etməkdədir. `New Horizons` Plutonla bağlı 50 gb-dan çox elmi dəyəri olan informasiya toplayıb və indi bir neçə ay ərzində onları Yerə ötürəcək.

Pluton indiyə qədər bəşəriyyət üçün uzaq və əlçatmaz dünya olaraq qalmaqda idi. Onun keyfiyyətli fotosu yox idi, səthində hansı proseslərin getdiyi, atmosferinin kimyəvi tərkibi bilinmirdi.

Əslində Pluton tək bir cırtdan planet yox, planet cütlüyüdür: onun peyki olan Xaron o qədər böyükdür ki, o, Plutonun ətrafında fırlanmır, Plutonla Xaron birlikdə ümumi ağırlıq mərkəzinin ətrafında fırlanırlar.



1992-ci ildə Plutona missiya yeni hazırlananda NASA bu planeti 1930-cu ildə kəşf etmiş astronom Klayd Tombodan icazə istəmişdi. Əlbəttə ki, bu, hüquqi prosedur yox, gözəl bir jest idi. O zaman 86 yaşı olan Tombo Plutona uçuşu görmədi, amma onun külünün 1 unsiyası (təxminən 31 qram) `New Horizons`la Plutona göndərilib...

`New Horizons`-un öz şəklinə baxanda görürsünüz ki, o, bizim adət etdiyimiz kosmik aparatlara bənzəmir: Günəş batareyalarından ibarət `qanadları` yoxdur. Çünki Plutonun olduğu zonada (ümumiyyətlə, Yupiterdən o tərəfə uzaqlaşdıqca) Günəşin işığı o qədər zəifləyir ki, Günəş batareyasından istifadə etməyin mənası qalmır. Ona görə də, `New Horizons` Plutonum-238 izotopu ilə işləyən nüvə reaktoru ilə təchiz olunub. Yada salaq ki, Saturnu tədqiq etməyə göndərilən `Cassini` də belə idi.

`New Horizons` Yerdən Plutona doğru saniyədə 14.5 kilometr sürətlə irəliləyərək, bu planetə 9 ilə çatıb. O, yolda olarkən Plutonun `planet` statusu əlindən alındı. Beynəlxalq Astronomiya İttifaqının `planet` anlayışı üçün qəbul etdiyi yeni meyarlara əsasən, planet odur ki, üç şərti ödəsin: 1) Günəşin ətrafında fırlansın; 2) Kütləsi elə olsun ki, hidrodinamik tarazlıq qüvvələrinin təsirilə kürə və ya ona yaxın forma alsın; 3) Orbitinin ətrafını digər göy cisimlərindən təmizləmiş olsun. Pluton bu sonuncu şərti yerinə yetirə bilməmişdi, ona görə də, `cırtdan planet` statusunu aldı. Ondan başqa, Koyper qurşağında olan Haumea, Makemake və Erida da `cırtdan planet` elan olundular.



İyulu 14-də `New Horizons` Plutona maksimum yaxınlaşdı, `yuxu rejimi`ndən (hibernasiya) ayıldı və bu uzaq dünyanın tədqiqatı başladı. Plutonun yüksək keyfiyyətli ağ-qara və rəngli fotoları ilk dəfə Yerə göndərildi, ilk dəfə insan gözü bu planetin mənzərəsini gördü.

Məsafə çox uzaq olduğu üçün Plutonda Yerə siqnal təxminən 4 saata gəlir. Bütün foto və video informasiyanın tam ötürülməsi isə 2017-ci ildə başa çatacaq.

Məlum oldu ki, Pluton Neptunun peyki Tritona çox oxşayır. Bu, Tritonun mənşəyinə dair çox dəyərli elmi informasiyadır – demək ki, Neptun öz peykini Koyper qurşağından `ələ keçirib`.

Plutonun xəritəsi çəkilməyə başladı, atmosferinin tərkibi və orda gedən proseslər araşdırılır. Cırtdan planetdə Ural sıra dağlarına bənzəyən cavan dağ massivi kəşf olundu.



Plutonun nəhəng Xarondan başqa 4 peyki var: Nikta, Hidra, Kerbera, Stiks. Onlar Pluton və Xaronun `rəqsindən` doğan qravitasiya dalğalanması səbəbindən xaotik hərəkət edirlər.

İndi NASA son manevri edərək `New Horizons`-u Koyper qurşağına yönəldib. Bunun ardınca isə manevr üçün yanacağı bitən kosmik aparat fəzanın sonsuzluğuna dalacaq...

Tariyel Həsənov
AzVision.az




Teqlər:





Xəbər lenti