Ədəbiyyatı sevənlər və zorlayanlar

Ədəbiyyatı sevənlər və zorlayanlar
  02 Avqust 2013    Oxunub:1534
Cavidan

“Roman orta sinfin sənətidir”,- dedi Orxan Pamuk. Orta sinfin genişləndiyi ölkələrdə hamının roman yazdığını da vurğuladı. Son beş ildə Azərbaycanda da bir çoxlarının az qala dişlərini bir-birinə sıxaraq barəsində olanı-olmayanı danışdığı “roman bumu”nu düşündüm. Ədəbiyyata real olanla real olmayan arasında yazıçının təkbaşına yaratdığı üçüncü bir dünya kimi baxan biri kimi, hazırda eyni yolun müxtəlif qollarını bölüşdürüb addımladığım həmkarlarımı da elə üç qrupda görə bilirəm.
Birinci qrup yazıçılar özlərini realist kimi görməyə və elə bu cür də tanıtmağa çalışanlardır, onlar adətən konkret bir dəstə şəklində olurlar, öz aralarında olan söhbətləri, hadisələri, münasibətləri elə çılpaqlığıyla da azacıq kosmetik söz malası ilə hamarlayıb, oxucuya təqdim etməyi sevirlər, diqqətli oxucu bəzən eyni bir əhvalatın müxtəlif baxış bucaqlarından olan görüntülərini onların roman adına qələmə aldıqlarında mütləq görə bilər. Qeyd edək ki, bu qrupun oxucuları elə qrupun öz içindəkilər olur adətən.

Onlar ədəbiyyatı zorlayanlardır, axmaqdırlar.

İkinci qrup yazıçılar özlərini dünya ədəbiyyatının müasir populyar əsərlərinin müəlliflərinin bizim ölkəmizdəki alternativləri kimi görməyə və elə bu cür də tanıtmağa cəhd edənlərdir, onlar çox deyillər, amma əsərlərindəki uydurma, nağılvari aşiqanəlik və qəhrəmanlarının romantik ruh halı orta statistik azərbaycanlı oxucusunu özünə kifayət qədər cəlb edə bilir və bu yazıçılar adətən, birinci qrup yazıçılara və onların oxucuya qısqanclıqdan doğan həqarətlərinə dodaqlarının bir kənarı ilə gülümsəyib susurlar və növbəti kitabı yazmağa başlayırlar.

Onlar ədəbiyyatın zorladıqlarıdır, bədbəxtdirlər.
Üçüncü qrup yazıçılar adətən özlərini görmürlər, görmədikləri üçün də tanıtmağa cəhd etmirlər, roman yazarkən nə oxucuları nə digər yazıçıları düşünməyən, içindəki mikro dünya ilə çölündəki makrodünya arasındakı keçid neytrallığında ruhuna ayrıca məkan tapa bilmiş çox az qisim olanlardırlar ki, əsərlərində insan ruhu özünün psixoloji, fəlsəfi, mistik, dini, mental, sosial və individual aspektlərinin hamısında dərin və ağır halda üzə çıxır mütləq.

Onlar ədəbiyyatı sevirlər və ədəbiyyat tərəfindən sevilirlər, xoşbəxtdirlər.
***
Bu yaxınlarda belə xoşbəxt yazıçılardan biri ilə tanış oldum və kitabını hədiyyə alıb, oxudum.
Özünü görməyən və görmədiyi üçün də tanıtmağa cəhd etməyən Elşad Əliyevin “Məhşər ayağında” romanını oxuduqca, romanı film kimi gördüm, əminəm ki, kinemotoqraflarımız üçün də maraqlı və dəyərli tapıntı ola bilər bu əsər.

Hadisələrin axarına düşüb müasirlərimiz olan insanlarla yanaşı addımladıqca, zamanın o tərəfində qalmış sivilizasiyaların qədimliklərinə baş vurduqca, İsanı çarmıxda, Musanı Firon qarşısında gördükcə, Misir ehramları altındakı lağımlarda bəşəriyyətin xilas məqamlarını aradıqca, anladım ki, yazıçı özü də elə sadəcə yazdıqlarının arxasınca düşərək görüb mənim izlədiklərimi və bunların yazı şəklini hərflərlə, kəlmələrlə çəkməyə bilməyib.

“Atatürkdən gəldi ideya, onun haqqında bir məqalə oxumuşdum, orada deyilirdi ki, hansısa türk arxeoloq alimini Meksikaya göndərir ki, Maya mədəniyyətini araşdırsın. Atatürk həmin arxeoloqa deyir ki, bir zamanlar “Mu” adlı qitə olub və biz türklər oradan çıxmışıq, səni də həmin o mədəniyyətin izlərini tapmaq üçün göndərirəm”,- deyir yazıçı.

Suallarım çoxdur ona, amma mənə maraqlı olan məqamı daha tez öyrənməyə çalışıram, necə yazdığını, yazı ilə necə baş-başa dayandığını soruşuram.
“Yazı prosesində hadisələr məni öz arxasınca aparıb” deyir.
Gülümsəyirəm.
Belə də təxmin etmişdim.

***

Bu yazımı nə reklam, nə tərif, nə piar üçün hazırlamadım.
Yazıçı kimi deyil, oxucu kimi yanaşdığım bir kitab barəsində qısaca da olsa, fikirlərimi bölüşməyə çalışdım sadəcə.
Kitab sektorumuzun, ölkəmizdəki yazar-naşir-oxucu üçbucağının, ədəbi tənqidimizin həqiqətən də özünün Məhşər ayağında olan məqamlarını yaşadığı bir dönəmdə bir səmimiyyət borcu hiss etdim çiyinlərimdə, o qədər.
Hamımıza xoş mütaliələr diləyilə!


Teqlər:  





Xəbər lenti