`Ergenekon`suz Türkiyə - TƏHLİL
Hökmdə diqqət çəkən birinci məqam “Ergenekon”un birmənalı olaraq “terror təşkilatı” adlandırılması, ikinci məqam 34 nəfərin bu terror təşkilatının rəhbərləri kimi göstərilməsidir. Onların arasında İlkər Başbuğ, Hurşit Tolon, Veli Küçük və digər generallar da var.
Bu qərara verilən reaksiyalardan Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalının sözləri daha çox diqqət çəkir. O bildirib ki, “Türkiyə Cümhuriyyətinə qəsd edən, onu yıxmaq üçün təxribatlar təşkil edənlər xaricdə rahat şəkildə işinə davam etdiyi halda, Türkiyə ordusuna rəhbərlik etmiş şəxslərin hökuməti yıxmaq suçu ilə ömürlük həbsə atılmaları çox üzüçüdür”.
Əlbəttə, orası ayrı məsələdir ki, Türkiyə hərbisinin, siyasətinin, mediasının, ziyalılarının tanınmış simalarının birləşdiyi quruma “terrorçu təşkilat” demək nə dərəcədə düzgün və məntiqlidir. Ötən əsrin 50-ci illərində bu tip “dərin dövlət” strukturları bütün NATO ölkələrində qurulmuşdu. Onların funksiyası cəmiyyəti sovet ideologiyasının sızmasından və kommunist təhlükəsindən qorumaq idi. SSRİ dağılandan sonra bu qurumlıar tədricən ləğv edilməyə başladılar.
Buna ən məşhur misal İtaliyada “Qladio” – yəni “qılınc” adlanan və nazirləri, siyasətçiləri, buznesmenləri, jurnalistləri, yüksək rütbəli zabitləri, hətta mafiya başçılarını birləşdirən gizli birliyin 1992-ci ildə başlayan məhkəmə prosesidir.
Amma Türkiyədə “dərin dövlət”in tarixi 50-ci illərdən əvvələ getdiyi kimi, SSRİ-nin dağılması ilə də yekunlaşmalı deyildi, çünki o, təkcə sovet təhlükəsinə qarşı yaranmamışdı. Bu şəbəkə qanuni hökumətləri devirmək yolu ilə də olsa, Türkiyəni iki dəfə kommunist çevrilişindən, bir dəfə isə radikal dinçilərdən xilas edib. Bunlardan başqa, PKK məsələsində, mafiyalara qarşı bir sıra gizli əməliyyatlarda da əlini bulaşdıran “Ergenekon” olub.
Yəni ona sadəcə “terror təşkilatı” demək düzgün deyil. Bu, dövlətin daxilində gizli fəaliyyət göstərən, bəzən terror metodları ilə hərəkət edən, amma özünün siyasi missiyası olan şəbəkə idi. Və əsla danmaq olmaz ki, Türkiyənin bugünkü Türkiyə olmasında onun həddindən artıq böyük rolu olub.
İndi əsas sual odur ki, bəs bundan sonra Türkiyə necə olacaq, hansı yolla gedəcək? Liberal-demokratik Qərb dövləti olmaq, yoxsa islamçılığın getdikcə gücləndiyi bir Şərq ölkəsinə çevrilmək yolunu tutacaq? Nə qədər qəribə də olsa, Türkiyədə üçün bu sual çox aktualdır.
Və üçüncü məqam: bu şəbəkənin arxasında dayanan beynəlxalq güclər – konkret desək, Qərb,- niyə onun məhvinə razılıq verdilər? Həm də bu razılıq Yaxın Şərqdə planlaşdırılan proseslərdən – “ərəb baharı”ndan,- bir neçə il əvvəl verilmişdi. Bu, hansısa böyük bir planın tərkib hissəsi deyil ki? O mənada ki, dünya siyasətinin strategiyasını cızan güclər Türkiyəni islamçı ölkə kimi görməkdə maraqlıdırlar və bunun qarşısını ala biləcək yeganə əngəli aradan qaldırıblar. Bu böyük sual hələ ki açıq qalır.
Tariyel Həsənov
AzVision.az