DTX-nın məhv etdiyi terrorçu ilə bağlı şok məlumatlar (VİDEOXƏBƏR)

DTX-nın məhv etdiyi terrorçu ilə bağlı şok məlumatlar (VİDEOXƏBƏR)
  25 Noyabr 2016    Oxunub:58285
Azərbaycanda keçirilən antiterror əməliyyatı zamanı radikal islamçı məhv edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı rəsmi məlumata görə, Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik zəminində silahlı münaqişələr aparan terrorçu təşkilatın tabeliyində, yaşadığı ərazidə tərəfdaşlarından ibarət “camaatın əmiri” kimi fəaliyyət göstərərək, vətəndaşları belə silahlı münaqişələrə cəlb etməkdə, cinayətkar təşkilatın üzvlərinin gizli yığıncaqlarını və əlaqələndirilməsini təşkil etməkdə şübhəli bilinən vətəndaş 1974-cü il təvəllüdlü Rəhimov Ramiq Nazir oğlunun qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib həmin təşkilatın terrorçuluq məqsədləri və insanların oğurlanması planları barədə daxil olmuş məlumat kompleks əməliyyat-axtarış tədbirləri tətbiq olunub.

Təxirəsalınmaz əks tədbirlərin görülməsi zərurəti ilə əlaqədar R.Rəhimovun 2016-cı il noyabrın 25-də Xaçmaz rayonunun Düztahiroba kəndində tərkisilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb silahlı müqavimət göstərib.

Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə R.Rəhimov məhv edilib

AzVision.az radikal islamçı ilə bağlı yeni məlumatlar əldə edib.

Yalama Bədəliyyəsinin sədri Nəbi İsgəndərov saytımıza bildirib ki, Ramiq Rəhimov vəhabi təriqətinin nümayəndəsi olub: “Ramiq bir neçə il idi ki, radikal qruplaşmaya qoşulmuşdu. O, Xaçmazın Düztahiroba kəndində gəncləri başına yığaraq, öz təriqətini təbliğ etməklə məşğul olub. Ramiqin valideynləri Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayır. Əvvəl Ramiq valideynləri ilə yaşayırdı. Sonradan saqqal saxlayıb, radikallara qoşulandan sonra ailədə söz-söhbətlər yaranmağa başladı. Valideynləri onu saqqal saxlamamağa, bu yoldan dönməyə çağırırdı. Ramiq onlarla razılaşmadı. Bundan sonra valideynləri Ramiqdən imtina etdilər. Onlar deyirlər ki, bizim elə övladımız yoxdur”.

Nəbi İsgəndərovun bildirdiyinə görə, valideynləri ondan imtina edəndən sonra R,Rəhimov Xaçmaza, Düztahiroba kəndinə - baba yurduna köçüb.

“Ramiq bir dəfə ailəli olub. Vəhabiliyə başlayandan sonra ailəsi dağıldı. O, ikinci dəfə ailə həyatı quraraq Bakıya köçmüşdü. Hazırda onun xanımı hamilədir. Biz Ramiqin Suriyaya getdiyini bilmirik. Təbiətdə sakit oğlan idi”.

Qeyd edək ki, terrorçuluğa, adam oğurluğuna hazırlıq və digər cinayət faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən aparılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti