İmpotentlərin korrupsiya şübhələri

İmpotentlərin korrupsiya şübhələri
  27 Aprel 2018    Oxunub:14687
Avropa Şurasının Parlament Assambleyasında bu həftə baş verənlərə - yəni “Müstəqil Araşdırma Qrupu” adlanan deputat qrupunun Korrupsiya ilə bağlı hesabatının qəbuluna məntiqli bir ad qoymaq çox çətin məsələdir. Hesabatdan çıxan ümumi nəticə budur ki, avropalı deputatlar və məmurlar rüşvət qarşılığında Azərbaycan üçün lobbiçilik ediblər. Amma gəlin görək, ortada hansı lobbiçilik var və ittihamları təsdiqləyən hansı faktlar mövcuddur.
Faktlardan ümumiyyətlə, danışmaq mümkün deyil, çünki onlar sadəcə, yoxdurlar. Hesabat “o, belə dedi”, “bu, belə söylədi”, “filankəslər şübhəli şəkildə yanaşı durmuşdular” kimi gülməli arqumentlərdən ibarətdir. Əgər belə “fakt”larla kimisə korrupsiyada ittiham etmək mümkündürsə, onda gərək dünyanın heç bir ölkəsində heç bir məmur azadlıqda qalmasın. Çünki istənilən məmurun, deputatın, siyasətçinin haqqında bu cür kompromatlardan nə qədər desəniz, tapmaq, yoxdursa da, yapmaq mümkündür.

Bəzi ittihamlar isə ümumiyyətlə, gülməlidirlər: Kiminsə biletinin pulu ödənilibmiş, bir başqasının oteldə qaldığı nömrənin haqqı verilib, üçüncünün isə qapısını əlində şampan şərabı olan gözəl bir qız şübhəli şəkildə tıqqıldadıbmış, amma heyif ki, qonaq impotent çıxıb! Lap Koen qardaşlarının kamerasına layiq səhnədir: Bir qız əzilib-büzülərək, avropalı deputatın otağının qapısını döyür, o isə içəridə büzüşüb, qışqırır ki, “I'll call the police, if you don't leave me alone!”

Heç belə də hesabat olarmı? Azərbaycana gələn hər əcnəbi bilir ki, burada imkan daxilində hər kəs qonağını yerləşdirməyə, oteldə qalma pulunu verməyə və hansısa hədiyyə ilə yola salmağa çalışır. Bunun məmurluğa, deputatlığa dəxli yoxdur; mən insanlar tanıyıram ki, imkanı olmadığı halda, borc götürüb və xaricdən gələn qonağının otel pulunu özü ödəyib. Belə davranış milli qürur, qonaqpərvərlik məsələsidir və korrupsiya ilə heç bir əlaqəsi yoxdur.

Bu cür söhbətləri parkda oturub, tum çırtlaya-çırtlaya qeybət qıran işsiz-gücsüz xalalalar etsəydilər, onları qınamağa dəyməzdi. Peşəkar siyasətçilərin bu cür dedi-qodulara əsaslanaraq, bir ölkəni və öz həmkarlarını korrupsiyada ittiham etmələri isə, sadəcə, qeyri-ciddi və açıq-aşkar qərəzlidir.

Məsələyə əks bucaqdan baxanda isə, əminliklə demək olar ki, heç bir ciddi parlamentari əgər hansısa marağı olmasaydı, elə ilk növbədə özünün təmsil olunduğu qurumu ləkələyən bu cür hesabata səs verməzdi. Ona görə, bu hesabatın qəbulundan daha çox korrupsiya iyi gəlir, nəinki Azərbaycanın xeyrinə qəbul edildiyi deyilən sənədlərdən! Çünki hesabatdan fərqli olaraq, həmin sənədlərdə yazılanlar həqiqətdirlər.

Məsələn, guya korrupsiya nəticəsində qəbul edildiyi deyilən sənədlərdən biri bosniyalı deputat Milits Markoviçin hazırladığı və Ermənistanın sərhəd bölgəsində yaşayan azərbaycanlıları susuz qoyması haqqında hesabatdır. Bu, hər kəsin yoxlaya biləcəyi bir həqiqətdir. Və hətta əgər hansısa avropalı deputatların bu aşkar faktı etiraf etmələri üçün Azərbaycan onlara müəyyən jestlər edibsə belə, onda günahkar kimdir? Gördüyü qatığa "ağ" demək üçün qara kürü istəyən avropalı deputat, yoxsa susuz qalmış əhalisinin maraqlarını düşünərək, avropalını kürüyə qonaq edən Azərbaycan?

Bu halda vəziyyət dəyişir. Və sualı belə qoymaq lazım gəlir: Niyə avropalı deputatlar açıq-aşkar faktları etiraf etmirlər ki, nəticədə Azərbaycan da onlara hansısa jestlər təklif etməyə məcbur olur? Əlbəttə, o da əgər edibsə... Bu halda korrupsioner kimdir?

Hətta bunları da qırağa qoyaq. Əgər doğrudan da, Azərbaycanın maraqlarına uyğun qəbul edilmiş bir neçə sənəddə korrupsiya izi varsa, onda Ermənistanın xeyrinə olan onlarla sənəddən niyə danışılmır? Niyə erməni lobbisinin xeyli müddətdir Avropanın bütün siyasi strukturlarında tətbiq etdiyi məşhur “konyak diplomatiyası” haqqında heç nə deyilmir? Əslində yaxşı axtarılsa, yəqin ki, elə bu guya antikorrupsiya araşdırmasının da altından “konyak diplomatiyası”nın, geniş mənada isə erməni lobbiçiliyinin çıxacağına heç bir şübhə yoxdur.

“Şübhəli” məqamlardan biri sənəddə belə təsvir edilir: “AŞPA-da Azərbaycanla bağlı məsələlərin müzakirəsi zamanı səsvermədə başqa vaxtlarda olduğundan daha çox deputat iştirak edir. Hətta iclaslara nadir hallarda qatılanlar da səs verirdilər, özü də Azərbaycanın xeyrinə”. Absurda baxın ki, AŞPA öz deputatlarının iclaslarda intizamla iştirakını təmin edə bilmir, həmin deputatlar gəlib səs verəndə isə, bu, korrupsiya sayılır!

Ümumiyyətlə, AŞPA Azərbaycanın xeyrinə hansı qətnamələri qəbul edib? Bunlar əsasən Qarabağ münaqişəsi, qaçqınların vəziyyəti ilə bağlı bəyannamə və tövsiyələrdir. Hamısı BMT qətnamələrinin ruhundadır və real vəziyyəti əks etdirir. Əgər AŞPA deputatlarının reallığı demələri üçün Azərbaycan doğrudan da, onlara müəyyən jestlər edibsə, bu, bizim yox, AŞPA-nın korrupsiya içində olmasından xəbər verir. Çünki normal halda həmin deputatlar heç bir hədiyyə-filan ummadan o faktları deməli idilər. Azərbaycan da narahatlıq keçirməməli idi; əmin olmalı idi ki, Avropanın dürüst deputatları öz vicdanlarının diqtəsi ilə həqiqəti deyəcəklər. Yox, əgər avropalı deputatlar vicdanın yox, tamahın diqtəsilə danışırlarsa, onda bu, kimin problemidir? Və o halda ciddi düşünən də biz olmalıyıq ki, dil əzələləri vicdanına deyil, cibinə bağlı siyasətçilərin toplandığı bir qurumda hansı qaydalarla oyun gedir və bu oyun bizə lazımdırmı?

Vüsal Məmmədov
AzVision.az


Teqlər: AŞPA   Korrupsiya  





Xəbər lenti