Foqtsun mübahisəli seçimi – TƏHLİL

Foqtsun mübahisəli seçimi – TƏHLİL
  12 Noyabr 2013    Oxunub:1503
Bir neçə gün sonra Estoniya və Qırğızıstan milli komandaları ilə qarşılaşacaq Azərbaycan yığma komandasının heyəti açıqlandı. Gələn ay AFFA ilə müqaviləsi başa çatacaq almaniyalı məşqçi Berti Foqts “qapını möhkəm çırpmaq” istəsə də, həmişə olduğu kimi, bu dəfə də oyunçu seçimi birmənalı qarşılanmadı.

Ümumilikdə 25 futbolçuya dəvət göndərən çalışdırıcı “Qarabağ”dan Fərhad Vəliyev, Rəşad Sadıqov, Bədavi Hüseynov və Vüqar Nadirova, “Bakı”dan Cavid Hüseynov, Əfran İsmayılov və Rauf Əliyevə, “Neftçi”dən Mahir Şükürov və Rəşad Sadiqova, “Qəbələ”dən Elnur Allahverdiyev və Vlodimir Levinə, “Xəzər Lənkəran”dan Rasim Ramaldanov və Rahid Əmirquliyevə, “İnter”dən Səlahət Ağayev və Vaqif Cavadova, “Sumqayıt”dan Anar Nəzirova, eləcə də Türkiyə “Əskişəhərspor”undan Ufuk Budaka, Almaniya təmsilçisi “Hannover”in ikinci komandasından Əli Gökdəmirə, həmin ölkənin “Ayntraxt”(Braunşveyq) klubundan Taşkın İltərə, Rusiya “Rubin”indən Ruslan Abışova, Türkiyənin “Sivasspor” komandasından Cihan Özkaraya, həmçinin Almaniyanın “Kayzerslautern” komandasından əvəzedici heyətindən Rüfət Dadaşova siyahıda yer verib.
Komandamızın əsas qapıçısı Kamran Ağayev zədə səbəbindən əməliyyata məruz qaldığı üçün siyahıda yer almayıb. Ötən ay keçirilən matçlara dəvət alan “25-lik”dən Kamranla yanaşı, Qara Qarayev, Ruslan Əmircanov və Araz Abdulalyev də bu dəfə kənarda qalıb. Əmircanovun adı 3 oyunçunun yer aldığı ehtiyat siyahısındadır. Yeri gəlmişkən, qeyd edək ki, ehtiyat siyahıda Ruslan Əmircanovla yanaşı,“Sumqayıt”dan Vurğun Hüseynov , eləcə də “Rəvan”dan Aqil Nəbiyev yer alır.

Fərhad yenidən yığmada

Berti Foqtsun son siyahısında diqqətçəkən adlardan biri “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev oldu. Sonuncu dəfə iki il öncə əsas milliyə çağırılan qolkiper Kamran Ağayevin zədəli olduğu dövrdə Berti Foqtsun etimadını qazansa da, bunu birbaşa Ağayevin yoxluğu ilə əlaqələndirmək düzgün olmaz. Ən azı ona görə ki, premyer-liqanın ilk iki turu istisna olmaqla bütün matçlarda 90 dəqiqə meydanda olan və qapısında cəmi 5 top görən 33 yaşlı “əlcək sahibi” həqiqətən yığmaya layiqdir. Son premyer-liqa matçında qapısında üç qol görsə də,Vəliyevin buna qədərki qarşılaşmalarda 590 dəqiqəlik “quru seriya”ya malik olması da çox şeydən xəbər verirdi.

Ümumiyyətlə, hazırda milli formanı geyməyi haqq edənlərin Foqtsun sərəncamında olması vurğulanmalıdır. Əgər müxtəlif vaxtlarda Rasim Ramaldanov, Rəşad Sadiqov, Araz Abdullayev, Ruslan Əmircanov və s. kimi futbolçuların alman mütəxəssisin düzgün seçim etməməsi üzündən yığmadan kənarda qalmasını qabartmaq mümkün idisə, indi bu cür halların müşahidə olunmadığını əminliklə söyləmək olar.
Düzdür, Berti Foqtsun Estoniya və Qırğızıstan qarşılaşmaları üçün açıqladığı heyətdə “Neftçi”dən Araz Abdullayev və “Qarabağ”dan Qara Qarayevin olmaması diqqət çəkir, amma buna səbəb hər iki futbolçunun U-21-in toplanışına dəvət alması olduğundan bunu anlayışla qarşılamaq lazımdır. Nə də olsa, əsas yığmamızdan fərqli olaraq noyabrın 15-də Makedoniyanın U-21 yığması ilə rəsmi oyunda qarşılaşacaq Olimpiya millimizdə hər iki futbolçuya daha çox ehtiyac var.

İltər Lippertə, Subaçiç Foqtsa lazım deyil?

Berti Foqtsun “drujinası”nın əsas smalarından olan Araz Abdullayevlə Qara Qarayevin U-21-in düşərgəsində olduğunun yuxarıda qeyd etdik. Amma milli komandamıza dəvət alan oyunçuların siyahısına nəzər salanda U-21-in üzvü Taşkın İltərin adına da rast gəlirik ki, bunu da təəccüblə qarşılamamaq olmur. Olimpiya millimizin çalışdırıcısı Bernhard Lippert Abdullayevlə Qarayevi əsas millidən “oğurlaya” bilirsə, onda Taşkın İltəri niyə sərəncamına dəvət edə bilmir? Yox, əgər Braunşveyq Ayntraxt”ının üzvü gənclərdən ibarət millimiz üçün önəmli fiqur deyilsə, onda onu əsas yığmaya hansı potensialı daşıyıb? Başqa sözlə, U-21-ə lazım olmayan yarımmüdafiəçi Azərbaycan yığmasına nə verə bilər? Bu yerdə Berti Foqtsu son vaxtlar Türkiyənin “Orduspor” komandasında stabil çıxışı ilə diqqət çəkən Branimir Subaşiçin seçmə komandamıza dəvət olunmamasına görə qınamaya bilmərik.

Levin və Gökdəmir yığmaya nə verir?

Son dövrlər milli komandamızın ən çox tənqid olunan üzvlərindən olan “Qəbələ”nin milliləşdirilmiş legioneri Vlodimir Levinin bu dəfə də yığmaya çağırılması birmənalı qarşılanmadı. Düzdür, ölkəmizdə mərkəz müdafiəçisi kimi çıxış edən, ən əsası da bunu yığma səviyyəsində bacaran arxa xətt oyunçuları çox deyil. Amma bununla belə, Foqtsun Levinlə bağlı qərarının düzgün olmasını düşünməyə əsas yoxdur.
Ləngliyi və kobud oyuna meyilli olması ilə seçilən milliləşdirilmiş ukraynalının millinin son rəsmi matçında – Rusiya yığmasının qapımıza vurduğu qol zamanı da etdiyi səhv də onun işə yaramadığını göstərdi. Ən pisi də odur ki, bu “Qəbələ”nin üzvünün milli karyerası buna bənzər xətalarla zəngindir. Elə digər milliləşdirilmiş legioner Əli Gökdəmirin də milli karyerasının Levininkindən fərqləndiyini demək olmaz. Əsas yığmamızın oyunlarında qeyri-adi heç nə ilə yadda qalmayan türkiyəli oyunçunu miliyə dəvət etmək üçün əsas yoxdur. Siz deyin, axı Gökdəmir milli səviyyəsində hansı uğurun iştirakçısı olub ki, indi Foqtsun sərəncamındadır.

Foqts oyun praktikası olmayanlara güvənir

Berti Foqtsun dəvət göndərdiyi futbolçularla bağlı daha bir maraqlı məqam isə düşərgədə oyun praktikasından əziyyət çəkən bir neçə oyunçunun olmasıdır. Bu mənada Rusiya “Rubin”ində ehtiyatda qalan Ruslan Abışovun milli komandaya dəvət olunmasını nisbətən normal qarşılamaq olar. Ən azı ona görə ki, milli komandanın əsas simalarından sayılan Abışov oyun praktikasının olmadığı zamanlarda belə, yığmada yaxşı oyun sərgiləməyi bacarıb. Amma oyun praktikası olmayan digər futbolçular üçün bunu demək olmaz. Məsələn, Türkiyənin “Sivasspor” klubundan milliyə dəvət olunan və cari mövsümdə Türkiyə Superliqasında cəmi 36 dəqiqə oynayan Cihan Özkaranın və “Əskişəhərspor”da debüt etməyən Ufuk Budakın hansı üstünlüklərinə görə milli komandaya dəvət olunduğu qaranlıq qalır.

Foqts yenə eksperiment aparacaq?

Noyabrın 15-də Tallinndə Estoniya, noyabrın 19-da isə Bişkekdə Qırğızıstan yığması keçiriləcək görüşlər ərəfəsində maraqla gözlənilən daha bir məsələ isə Berti Foqtsun sözügeən matçlarda hansı eksperimentlərə əl atacağıdır. Daim oyunçuları fərqli mövqelərdə oynatması ilə seçilən alman mütəxəssisin bu dəfə hansı yenilikləri edəcəyi az maraq doğurmur. Yəqin ki, çalışdırıcının ümumilikdə 10 futbolçuya adət etmədiyi zonada forma geydirdiyi son seçmə mərhələdə Rasim Ramaldanov, Cavid Hüseynov və Maksim Medvedevi dayaq, Aleksandr Çertaqanov və Rauf Əliyevi isə cinah yarımmüdafiəçisi kimi oynatması hələ də azarkeşlərin yaddaşındadır.

Tural Məmmədov


Teqlər:





Xəbər lenti