Müsavat iki “Q” arasında
Qəmbərin Qurultay oyunları partiya üçün ağır sonluqla yekunlaşa bilər
Prezident seçkilərindən sonra tam fiaskoya uğramış radikal müxalifət düşərgəsində aşırı süstlük müşahidə olunur. Aradabir qəzet səhifələrində “fəaliyyətə” keçsələr də, reallıqda müxalifətin deqradasiyası və fəaliyyətsizliyi daha da dərinləşməkdədir. İctimaiyyəti bu deqradasiya proseslərini izləməkdən yayındırmaq üçün müxalif partiyalar müxtəlif məsələlərlə gündəmə gəlməyə çalışırlar. Belə məsələlərdən biri də Müsavatın qurultayıdır.
İndi yenə də “qurultay” söhbətləri Müsavat tərəfindən gündəmə gətirilir. Bu dəfə isə İsa Qəmbərə yaxın olan Arif Hacılı başqan olmaq iddiası ilə çıxış edir. Bu isə onsuz da ciddi durğunluq keçirən partiyanın daxilində ciddi parçalanma və deqradasiya yaradacaq. Belə ki, müxlaifət partiyalarının ideyalar, əqidə əsasında yox, yalnız şəxsə bağlı qurumlar olduğu heç kimə sirr deyil. Müsavat da o cümlədəndeyil. İsa Qəmbər bütün uğursuzluqlarına baxmayaraq, indiyə qədər partiyada ziddiyyətli tərəfləri birtəhər də olsa, birləşdirən fiqur kimi çıxış edib. O, sədrlikdən gedəndən sonra isə A.Hacılı və ona zidd olan tərəflər arasında rəqabət, anlaşılmazlıqlar partiyadan qopmalarla nəticələnə bilər.
Nahaq yerə deyil ki, bu fikri Müsavatın sədrlik yarışından qıraqda qalmış funksionerləri artıq hədə kimi səsləndirirlər. A.Hacılının Vurğun Əyyub, Gülağa Aslanlı, eləcə Rauf Arifoğlu və sair funskionerlələ problemləri və ziddiyyətləri var. Müsavatda hər funksionerin müəyyən sayda elektoratın başında durduğunu nəzərə alsaq, Hacılı sədr olacağı təqdirdə Müsavatda ciddi “yarpaq tökümü” olacağını təxmin etmək çətin deyil.
Digər bir variant isə İsa Qəmbərin sədrlikdən çıxandan sonra “fəxri lider” statusuna yiyələnməyə çalışacağıdır ki, bu da özünü doğruldan taktika deyil. Belə ki, indiyə qədər AMİP-in, ALP-nin, ACP-nin və sair qurumların timsalında bu taktikanın uğursuzluğu müşahidə edilib.
Bunları nəzərə alsaq, “fəxri liderlik” də Müsavatı deqradasiyadan xilas etmək yolu deyil... Beləliklə, ardıcıl seçki məğlubiyyətləri və elektoratı yalan vədlərlə dəfələrlə aldadandan sonra elektoratsız qalma fonunda Müsavat bu “qurultay” oyunu ilə “qaş düzəldən yerdə vurub gözü də çıxarmış” olacaq.