Azərbaycanın turizm imkanları Vyanada nümayiş olunur

Azərbaycanın turizm imkanları Vyanada nümayiş olunur
  17 Yanvar 2025    Oxunub:302
Azərbaycan Turizm Bürosu Avstriyanın paytaxtı Vyanada keçirilən “Ferien-Messe Wien” sərgisində iştirak edir.
Sərgidə, həmçinin “Azərbaycan Hava Yolları” QSC və yerli turizm sənayesi nümayəndələri ölkəmizin turizm imkanları nümayiş etdirirlər. Turizm sənayesi üçün çoxşaxəli platforma olan “Ferien-Messe Wien” sərgisində B2B (Biznesdən biznesə), B2C (Biznesdən müştəriyə) formatlı görüşlər keçirilir.



Ziyarətçilərə Azərbaycanın turizm məhsulları üzrə təklifləri, o cümlədən İçərişəhər, Qobustan Qayaüstü İncəsənət Mədəni Landşaftı və Şəki Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi kimi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məkanlar haqqında ətraflı məlumat verilir. Milli stenddə virtual reallıq (VR) texnologiyası vasitəsilə Qobustan Qayaları və Xınalıq kəndi kimi məşhur turizm məkanlarını kəşf etmək imkanı təqdim edilir. Eyni zamanda ziyarətçilər Azərbaycanın milli şirniyyatlarının dadına baxa bilirlər.



Azərbaycan stendini ölkəmizin Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli milli stendə baş çəkərək sərginin gedişatı və nümayiş olunan turizm məhsulları ilə tanış olub. Qeyd edək ki, Vyanadan Bakı istiqamətinə birbaşa uçuşların olması Avstriya vətəndaşları üçün Azərbaycana rahat və əlverişli səyahət imkanı yaradır. Ötən ilin yanvar-dekabr dövründə Avstriyadan Azərbaycana səfərlərin sayında 2023-cü illə müqayisədə 10%-lik artım müşahidə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti