Rusiya səfiri: "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir"

      Rusiya səfiri:    "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir"
  17 Yanvar 2025    Oxunub:314
"Hər iki ölkənin müstəqilliyinə və suverenliyinə baxmayaraq, rus dili Rusiya və Ermənistan arasında əməkdaşlığın mühüm elementi olaraq qalır".
Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Ermənistan Respublikasının rus dili üzrə ən yaxşı müəllimi 2024” Pedaqoji Masterliklə bağlı XV Milli Müsabiqənin yekunlarına dair mərasimdə deyib.

Ermənistan Rusiyaya nota verib
Kopırkinin sözlərinə görə, Rusiya ilə Ermənistanı iqtisadiyyatdan tutmuş mədəniyyətə qədər müxtəlif sahələrdə sıx əlaqələr birləşdirir.

"Rusiya Ermənistanın ən böyük iqtisadi tərəfdaşı olub və indi də bu belədir. Bizi inteqrasiya əlaqələri birləşdirir və ənənəvi olaraq Ermənistana turist axınının əsas hissəsini ruslar təşkil edir. Bu, təkcə dövlətlərarası münasibətlərimizin inkişafında deyil, həm də Ermənistanın daxili potensialının gücləndirilməsində rus dilinin əhəmiyyətini vurğulayır", - Rusiya səfiri qeyd edib.

Səfir həmçinin rus dili müəllimlərinin əlaqələrin güclənməsində oynadıqları rola da diqqət çəkib. O, qeyd edib ki, pedaqoqların gördükləri işlər Ermənistanda rus dilinin təbliği üçün həyati əhəmiyyətli rol oynayır.

Kopırkin onu da vurğulayıb ki, pedaqoji masterliklə bağlı müsabiqə rus dilinin mövqeyini möhkəmləndirmək üçün görülən işin yalnız bir formasıdır: "Rusiya dövlət siyasəti çərçivəsində dünyada, xüsusilə Ermənistan kimi qardaşlıq münasibətləri olan ölkələrdə rus dilinin qorunub saxlanması və təbliği prioritet olaraq qalır".

Xatırladaq ki, Kopırkin iki gün öncə Ermənistan Xarici İşlər Nazirliyinə çağırılmışdı. İrəvanın narazılığı yanvarın 12-də Ümumrusiya Dövlət Televiziyasının “Vesti nedeli” proqramının efirində Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı səsləndirilən bəyanatlarla bağlı olub. Bəyanatları isə elə Rusiya səfiri səsləndirib. Nazirliyə çağırılan Kopırkinə müvafiq etiraz notası təqdim olunub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya   Səfir   Nota  





Xəbər lenti