İran səfiri məhbus yerlisindən narahatdır

İran səfiri məhbus yerlisindən narahatdır
  21 Noyabr 2013    Oxunub:1208
“Təəssüflər olsun ki, İran səfirliyinin bu İran vətəndaşı ilə konsulluq əlaqəsinin yaradılması ilə bağlı müraciəti cavabsız qalıb və bu vətəndaşın vəziyyəti bizim üçün aydın deyil”.
AzVision.az İranın İRİB saytına istinadən xəbər verir ki, bu sözləri İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pakayin Bakının ətrafındakı həbsxanalardan birində İran vətəndaşı Həsən Fərəcinin işgəncə edilməsi xəbərinin yayılması barəsində xəbərə münasibət bildirərkən deyib.

O bildirib ki, mövcud müşahidələr və Fərəci ilə konsulluq əlaqəsinin qurulmaması bu İran vətəndaşının Bakı həbsxanasında işgəncə olunması ehtimalını gücləndirir:

“İranın Bakıdakı səfirliyi təxminən 2 həftə öncə yerli medialar vasitəsi ilə bu İran vətəndaşının saxlanıldığı məlumatını alıb və dərhal rəsmi nota ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən Fərəci ilə konsulluq əlaqəsinin yaradılması icazəsinin verilməsini istəyib. Təəssüflər olsun ki, İran səfirliyinin bu İran vətəndaşı ilə konsulluq əlaqəsinin yaradılması ilə bağlı müraciəti cavabsız qalıb və bu vətəndaşın vəziyyəti bizim üçün aydın deyil.

"Bakıda sionist rejim səfirliyi qarşısından keçməyi İran vətəndaşının həbs olunmasına səbəb ola bilməz" deyən İran səfiri əlavə edib ki, araşdırmalar göstərir ki, bu şəxs ticarət işləri aparmaq məqsədilə Azərbaycan Respublikasına daxil olub və qaldığı müddətdə onun tərəfindən heç bir qanun pozuntusu qeydə alınmayıb.

Qeyd edək ki, dünən millət vəkili Çingiz Qənizadə İran vətəndaşına baş çəkib və onun işgəncələrə məruz qalmadığını görsədən fotoları mətbuata göndərib.


Teqlər:  





Xəbər lenti