"Tramp Azərbaycan-Ermənistan sülh müqaviləsini hesabına yazmaq istəyəcək" - Politoloq

 "Tramp Azərbaycan-Ermənistan sülh müqaviləsini hesabına yazmaq istəyəcək" -  Politoloq
  19 Yanvar 2025    Oxunub:547
Azərbaycanla Ermənistan arasında sülh mətninin 90 faizi razılaşdırılsa da, rəsmi İrəvan Bakının konstitutsiya ilə bağlı tələbini qəbul etmək istəmir.
Ermənistanın Aİ-yə üzvlük prosesi fonunda sülh danışıqları necə cərəyan edəcək?

Mövzu ilə bağlı AzVision.az -a danışan politoloq Natiq Miriyə görə, 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacağı gözlənilmir.

"Çünki Azərbaycanın konkret şərti var: Ermənistan rəsmi Bakıya qarşı ərazi iddialarından əl çəkməli və İrəvan konstitusiyasında bununla bağlı dəyişiklik etməlidir. Bunun 2025-ci il ərzində həyata keçirilməsi gözlənilən deyil. Ancaq bu il Azərbaycanla Ermənistan arasında çərçivə sazişi imzalanma ehtimalı çoxdur. Bu sazişdə Ermənistan Azərbaycana ərazi iddiasının qaldırılması ilə bağlı əlaqədar üzərinə öhdəlik götürə bilər.

Yanvarın sonlarında Azərbaycan və Ermənistanın sərhədlərin müəyyənləşməsi ilə bağlı birgə komissiyanın növbəti görüşü planlaşdırılır. Qalan ərazilərin delimitasiya və demarkasiyası müəyyənləşərsə və bu kontekstdə ilkin olaraq Azərbaycanın dörd kəndi - Qazaxın üç, Naxçıvanın bir kəndi azad olunarsa, sülhə aparan yol daha da qısalar.

Eyni zamanda kommunikasiyaların açılması kontekstində də müəyyən irəliləyişlər mövcuddur. Ermənistan artıq Mehridən Naxçıvana dəmiryolunun çəkilməsinə hazır olduğunu bildirib. Təki Azərbaycan Ermənistanın göndərdiyi təklifə razılıq versin. Bundan sonra artıq bunu sənədə köçürmək və konkret anlaşma ilə dəmiryolu xəttinin çəkilməsinə başlanıla bilər. Bu da əlbəttə, Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimad yaradacaq məqamdır. Ona görə də 2025-ci ildə müəyyən perspektivlər görünür. Ancaq tələsməyək. Yanvar ayında sərhədin delimitasiyası üzrə komissiyaların növbəti görüşünü gözləyək. Kommunikasiyaların açılması məsələsi də razılaşdırılarsa, bu, sülh yönündə çox ciddi bir töhfə olacaq. Çünki sülhün imzalanması üçün tərəflərin bir-birinə etimad etməsinə ehtiyac var. Bu gün ən böyük problem Azərbaycanın Ermənistana etimad edə bilməməsidir".

Ekspert ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə təsirlərindən də danışıb. O qeyd edib ki, Tramp sülh müqaviləsini öz hesabına yazmaq istəyəcək.

"Yaxın Şərqdə HƏMAS və İsrail arasında atəşkəs və girovların dəyişdirilməsi ilə bağlı anlaşmada Trampın rolu böyükdür. Demək olar ki, onun sayəsində Netanyahu Qətərin paytaxtı Dohada danışıqlarda son sənədi tərəflərə təqdim edib. Yanvarın 20-dəki inaqurasiyasından sonra Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində fəaliyyətə keçəcək. Bu kontekstdə ABŞ və Rusiya prezidentlərinin görüşü gözlənilir. Təbii ki, növbəti sülh cəhdlərindən biri də Azərbaycan və Ermənistan arasında sülh prosesi ola bilər ki, Donald Tramp bunu da öz siyasi uğurları hesabına yaza bilər. Təbii ki, əgər Ermənistan növbəti dəfə prosesi sabotaj etməzsə və hansısa maraqlı qüvvələr sərhəddə yeni hərbi təxribatlar törətməzsə, 2025-ci il ən azından çərçivə sülh sazişinin imzalanması baxımından perspektivli görünür".

Qeyd edək ki, dekabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, sülh müqaviləsi imzalamazdan əvvəl İrəvan konstitusiyaya dəyişiklik etməlidir. Bundan əlavə, Ermənistan ATƏT-in Minsk qrupunun ləğvinə də razılıq verməlidir. Çünki bu qrup nəinki çoxdan fəaliyyət göstərmir, artıq formal olaraq mövcud deyil.

Ermənistanın baş naziri Nikol Paşinyan isə yerli mediaya açıqlamasında deyib ki, Azərbaycana sülh sazişi layihəsinin razılaşdırılmamış bir neçə bəndi ilə bağlı təkliflər göndərilib. Hazırda Ermənistan tərəfi Azərbaycandan müsbət cavab gözləyir. Baş nazirin sözlərinə görə, tərəflərin 2024-cü ildə əldə etdiyi təcrübə “sakit" iş mühitində inkişaf etdirilə bilər. Onu da qeyd edək ki, Paşinyan bir müddət öncə sosial şəbəkə səhifəsində Qarabağın yalnız Azərbaycanın ola biləcəyi haqqında paylaşım edib. "Azərbaycanla Ermənistan arasında aparılan danışıqların yalnız bir nəticəsi ola bilərdi - Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması",- deyə nazir paylaşımında qeyd edib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti