AzVision.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi ümummilli lider Heydər Əliyevin hospitalın həyətindəki abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.
Müdafiə naziri fəal döyüş əməliyyatları zamanı yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan, müasir tibbi avadanlıqla təchiz edilmiş mobil səhra cərrahiyyə hospitalı ilə tanış olub.
Burada gün ərzində xəstə və yaralılara tibbi xidmət göstərilməsinin mümkünlüyü, hospitalda düzgün xəstəlik diaqnozunun qoyulması üçün nəzərdə tutulan çeşidləmə, idarəetmə, rabitə, həmçinin diaqnostika və əməliyyat bölmələrinin fəaliyyəti barədə müdafiə nazirinə məruzə olunub.
Müdafiə naziri qısa müddət ərzində cəbhə bölgələrində səhra hospitallarının tam şəkildə quraşdırılması, hərbi-həkim heyətinin taktiki təlimlər zamanı fəaliyyətlərinin daha da təkmilləşdirilməsi və səhra hospitallarının aktiv döyüş əməliyyatlarına hazırlıq vəziyyətinə gətirilməsi barədə Silahlı Qüvvələrin Baş Qərargah rəisinə müvafiq tapşırıqlar verib.
Sonra müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ən son elmi-texniki nailiyyətlərə əsaslanan avadanlıqla təchiz edilmiş ikinci müalicə korpusunda olmuş və orada müalicə alan xəstələrə baş çəkib.
Hospitalın kollektivi ilə görüş zamanı Müdafiə naziri hərbi qulluqçulara, istefaya və ehtiyata buraxılmış zabitlərə, onların ailə üzvlərinə yüksək ixtisaslı tibbi yardım göstərilməsi, şəxsi heyətin sağlamlığına diqqətin artırılması ilə əlaqədar tapşırıqlar verib.