Naxçıvan Ali Məclisində görüş

Naxçıvan Ali Məclisində görüş
  25 Noyabr 2013    Oxunub:1122
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Jan Qabrielse ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildiriblər ki, qonağı salamlayan Ali Məclisin Sədri Vasif Talıbov Robert Jan Qabrielseni ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika olduğunu bildirən Ali Məclisin Sədri demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 ildən artıqdır Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşayır.


Ali Məclisin Sədri Azərbaycan-Niderland əlaqələrinin uğurla inkişaf etdiyini, hər iki ölkə arasında illik ticarət dövriyyəsinin 300 milyon ABŞ dolları səviyyəsində olduğunu diqqətə çatdırıb. Qeyd olundu ki, Niderland Krallığı ilə Naxçıvan Muxtar Respublikası arasında da əlaqələr inkişaf etdirilir, kənd təsərrüfatı və əczaçılıq sahəsində əməkdaşlıq mövcuddur. Təhsil sahəsində əlaqələrin qurulması üçün də yaxşı potensialın olduğunu qeyd edən Ali Məclisin Sədri münasibətlərin genişləndirilməsinin əhəmiyyətini vurğulamyıb.

Səmimi qəbula və xoş münasibətə görə minnətdarlıq edən Robert Jan Qabrielse Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının məmnunluq doğurduğunu ifadə edib. Səfir ölkələrimiz arasındakı münasibətlərin inkişafında Naxçıvan Muxtar Respublikası ilə qurulan səmərəli əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını qeyd edib, diplomatik fəaliyyəti müddətində qarşılıqlı əlaqələrin inkişafı istiqamətində səyini əsirgəməyəcəyini bildirib.

Görüşdə əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti