“ABŞ-dan sığınacaq alsam, rahat öləcəm”
“Dünən bizim rayon təşkilatımızdakı qərargahı dağıdıblar, ondan sonra mənə hücumlar başlayıb və hər dəqiqə sosial şəbəkələrdə mənə qarşı hücumlar, təhdidlər, hədə-qorxular olur. Mənə 2008-ci ildə də hücum olmuşdu, bıçaqlanmışdım. Amma bu hadisənin üstü açılmadı. İndi isə həmin şəxs sosial şəbəkədə yayıb ki, Hafiz Hacıyevi öldürmək istədim. Mən həmin sənədləri daxili işlər naziri Ramil Usubovun adına göndərdim. Bu günə qədər heç bir tədbir görülməyib. Bu istintaq sirri idi, amma bunu sizə açıqlayıram. Həmin şəxs Kərimov Əlinin əmisioğludur”.
Prezident İlham Əliyevlə görüşmək istədiyini söyləyən Hafiz Hacıyev hücumlardan uzaq durmaq üçün mühacirət etmək istədiyini bildirib: “Prezidenliyə namizəd olmuş bir şəxs kimi istəyirəm Azərbaycanda qan tökülmədən hər hansı bir dövlətdən sığınacaq alım. Ancaq çalışıram ki, prezident İlham Əliyevlə görüşüm. Ona da imkan vermirlər. Ona görə də mənim ayrı bir yolum qalmır. Bunun üçün də mən Amerika dövlətindən 3 dəfə prezidenliyə namizəd olmuş bir şəxs kimi sığınacaq alam”.
Partiya sədri artıq səfirliyə müraciət etməsi üçün vəkil tutduğunu deyib. “Səfirliyə müraciət etmək üçün vəkil tutmuşam, hansı sənədlər lazımdır, onlar hazırlansın. Hər halda bu mənim ideyamdır. Həm də ölkənin sahibi var, başıma gələn hadisəni İlham Əliyevə çatdırım. Mən yaxın günlərdə prezidentə müraciət edəcəm. Ayın 10-da da partiyamızın iclası olacaq. Partiya hansı qərarı versə, mən o qərarı da icra edəcəm”.
H.Hacıyev niyə Avropa ölkələrini yox, ABŞ-ı seçməsi məsələsinə də aydınlıq gətirib:
“Ona görə ki, bugünki müxalifətin bütün tör-töküntüləri Avropa ölkələrindədir. Fransada, Almaniyada, Avropanın digər dövlətlərində müxalifətçilər yaşayır. Əgər ABŞ-dan sığınacaq alsam, daha rahat ölə bilərəm”.
Müasir Müsavat Partiyasının sədri mühaciət məsələsini ailəsi ilə müzakirə etmədiyini qeyd edib:
“Övladlarımın hamısı ailəlidir, onların Amerikaya aparılması biraz çətin olacaq. Hələ ki, fikirləşirik. Bu, çox mürəkkəb məsələdir. Düzünü deyim ki, ailəmlə bu barədə müzakirə aparmamışam”.
Sevinc İltifatqızı