“Əsgərliyə çağırış yaşı artırılmalıdır” - Deputatdan TƏKLİF
Azərbaycanda həqiqi hərbi xidmətə çağırış yaşının artırılması yenidən gündəmə gəlib. Geniş müzakirələr yaradan bu mövzu ilə bağlı millət vəkili Zahid Oruc irəli sürdüyü təklifin reallaşdırılmasında israrlıdır.
AzVision.az-a açıqlamasında deputat hərbi xidmətə çağırış yaşının artılmasının vacib olduğunu deyərək bu məsələyə yenidən baxılmalı olduğunu bildirib.
Millət vəkili hesab edir ki, belə olduğu təqdirdə, həm əsgəri xidmətə gedən gənclərin mənəvi-psixoloji durumu inkişaf etmiş olar, həm də orduda daha yetişkin insanlar xidmət keçmiş olar.
“Bu məsələ parlamentdə bir neçə dəfə səsləndirilib. Xüsusi olaraq qeyd olunurdu ki, bizim cəmiyyətin ailə mühiti, valideynlərin uşaqlar üzərində himayəçilik dərəcəsi o qədər güclüdür ki, uşaqlar hərbi xidmət üçün tam dövrdə hazırlana bilmirlər. Məktəblərimizdə də hərbi hazırlıq dərslərini səviyyəsi onu deməyə əsas verir ki, yeniyetmələr xidmətə yola salındıqdan çox qısa bir müddət sonra sosial adaptasiya oluna bilməməkdən, əsgər-əsgər, əsgər-zabit arasında müxtəlif münaqişələr meydana çıxır və bu da bir sıra hallarda çox arzuolunmaz problemlərə yol açır”.
Z.Oruc bu kimi halların baş verməməsi üçün bəzi tədbirlərin görülməsinin vacib olduğunu qeyd edib: “Tədbirlərdən biri kimi, məsələn Rusiya qanunvericiliyində olduğu kimi, şəxslərin hərbi xidmətə hazırlanması zamanı uşaq yaşlarından onların hərbi hissələrə baş çəkməsi, müxtəlif xarakterli təlimlərdə səviyyəsinə və yaşına uyğun taktika vərdişlərinə yiyələnməsi və sonrakı dövrdə xidmət üçün tam psixoloji mənəvi mühitə hazırlayan dövlət proqramları var. Şəxslərin çağırışa dair aşağı yaş həddinin qaldırılması bir yol kimi seçilə bilərmi? Zənn edirəm ki, bu ətrafda fikir mübadilələri aparıla bilər. Etiraf edim ki, bu məsələyə münasibət birmənalı deyil. İlk növbədə , ona görə ki, əsgərlik yaşı bir il qaldırılacaqsa, o zaman xidmətdə olanların çağırış dövrü nə qədər olsun? Çünki çağırış ildə 4 dəfə həyata keçirilir. Bu o deməkdir ki, avtomatik olaraq, vakansiya kimlər tərəfindən doldurulmalıdır?”.
Milli Məclis üzvü Silahlı Qüvvələrdə baş vermiş dəyişikliklərin ordu sistemində ciddi islahatların aparılmasına səbəb olacağını deyib.
“Ümumiyyətlə, orduda çox sayda deyil, daha fərqli xidmət
növünə xüsusilə də kontrakt ordusu modelinə keçidi bərqərar etmək lazımdır. Bu, Avropa ölkələrinin hər birində, o cümlədən NATO dövlətlərində çoxdan tətbiq olunan bir qaydadır, özünün üstünlükləri və mükəmməliyi ilə seçilən bir standartdır. Bu səbəbdən düşünürəm ki, 120-130 minlik ordu, yoxsa 60-70 minlik şəffaf , yüksək kadrlara təmin edilmiş, ictimai nəzarəti tətbiq edilmiş ordu? Məndən soruşulsa, ikincini seçərdim”-deyə deputat vurğulayıb.
Nihadə Eyyubova