“El” də İbrahimbəyovdan üz döndərdi
“EL” hərəkatının sədr müavini Zəfər Quliyev AzVision.az-a açıqlamasında R.İbrahimbəyovun qərarını onun şəxsi fikri kimi qiymətləndirib:
“Rüstəm bəyin istefası onun şəxsi seçimidir. Çox güman ki, o, bu barədə Cəmil Həsənli ilə də məsləhətləşib. Onun seçiminə hörmətlə yanaşıram. Ümumiyyətlə, mən dəfələrlə demişəm ki, Milli Şuranın seçkidən sonrakı problemlərinin həlli bir neçə variantda ola bilər. Hər bir varianta da hörmətlə yanaşıram. Milli Şura bir aya yaxındır ki, toplanmır, bu özü təəssüf doğuran haldır”.
Z.Quliyev həmçinin vurğulayıb ki, R.İbrahimbəyov Milli Şurada adi üzv deyil:
“O, ilk gündən Milli Şuranın sədridir və bu qurumun yaradılmasında ən çox təşəbbüs göstərən insan idi. Bundan başqa o, həm dünyada, həm də Azərbaycanda təsir imkanı olan ziyalıdır. Aydın məsələdir ki, onun istefasının təsiri olacaq”.
“EL” hərəkatının Milli Şurada fəaliyyətinə gəlincə isə, Z.Quliyev deyib ki, qurum üzvlüyünü davam etdirəcək:
“”EL”-in Rüstəm İbrahimbəyovla bağlılığı yoxdur. O, Milli Şuradan sədr kimi istefa verir, üzvlükdən çıxmayıb. “EL” hərəkatının Milli Şuradan çıxmaq niyyəti yoxdur. Ümumiyyətlə “El” Hərəkatının adının müəyyən bir şəxslə bağlanması düzgün deyil”.
Qeyd edək ki, “El” hərəkatı R.İbrahimbəyovun ən yaxın adamları Eldar Namazov, Eldəniz Quliyev və digərləri tərəfindən təsis edilib.
Fatimə Kərimli