Aqşinin dırnağına dəyməyənlər

Aqşinin dırnağına dəyməyənlər
  12 Mart 2013    Oxunub:2892
Əsəd Qaraqaplan

Həmişə Aqşin Yeniseyi tərifləyənlər, onu dəstəkləyənlər, az qala onu Allah bilənlər, bircə tənqidi statusa (!) dözə bilmədilər. Nə var, nə var, adam facebookda bircə cümləlik belə bir status yazmışdı: "Vallah, bizim gəncliyin "siyasi inqilabı" mənə toyxanada mahnı sifarişinə görə düşən "yaxşı oğlanların" davasını xatırladır".
Aqşinin bircə cümləsi ağırlığında olmayanlar düşdülər ortaya. Ən ağır söyüşlər söydülər. Murdar-murdar yazılar yazdılar, içlərinin kinini və qısqanclığını da ifadə etməyə imkan tapdılar. Bu davranışları da cahil dindar davranışlarından daha betər göründü. Hətta bir "Milli" yazıb ki, "Nə şərəfsiz köpəkolğuludu bu! Onu axtalamaq lazımdı".

Bu düşüncəyləmi çevriliş, inqilab, nə bilim nə eləmək istəyirsiz? Bu axta, cahil təfəkkürləmi?

Gözünə döndüyüm Aqşin də eləmədi təmbəllik, götürüb azvision.az saytına geniş bir açıqlama verdi və hər şeyi açıb tökdü ortaya...

Bəli, bunu da cahil dindardan da betər etdilər. Rafiq Tağını öldürənlərlə, ölüm fətvası verənlərlə Aqşin Yeniseyi axtalamaq istəyənlər arasında hansı fərq ola bilər ki, hə?

Bir dəfə demişəm, yenə deyirəm, fərdi, özü olanı satan, ələ verən birinci kütlədi. Diktatura rejimi səni o vaxt sıxışdırmağa başlayır ki, sən öncə kütlə tərəfindən sıxışdırılırsan. Kütlə səni özü kimi etməyi bacarmayanda sıxışdırıb ələ verir və satır... Rafiq Tağını da belə düşüncələr satdı, fətvalar satdı. Rafiq bəy də onları tənqid edirdi də, başqa neyləyirdi ki? Onlar da deyirdi bizə haqsızlıq edir. Aqşin Yeniseyə qarşı davranışlarsa bundan da betərdi, çünki bunu deyən dindar yox, azad olduğunu deyən gənclikdi...

Ən pisi də özləri haqqında "azad", "cəsarətli", "inqilabçi", "solçu", day nə bilim nə kimi saxta obrazlar düzəltdirən Günel Mövlud, Seymur Baycan, nə bilim Elmir Mirzoyevdi-nədi, filanlar-bəsməkanlar, Aqşin haqqında ağızlarına gələni deyib, yazdılar. Aqşin kimi bir istedada qarşı iç üzlərini bir daha açıb ortaya qoydular.

Dəfələrlə bu adamların mənim gözümün qarşısında Aqşinin az qala əl-ayağını öpməyə hazır olduqlarını görmüşəm, ama içlərindəki xıltı, qısqanclığı belə məqamlarda görürəm...

Yeri gəlmişkən, sizə burda bir şey deyim. Öz istedadsızlığınla, iç üzünü gizlədərək gündəmə gəlmək istəyirsənsə, beş-on "müxalifətçi" gəncə qoşul, “Tarqovi”yə çıx, kənarda dur, onların çığır-bağırına bax, ağzına gələni yaz, özünə "mavi", "küçə qadını", "lezbian" və s. adlar qoy, və sair, ilaxır şeylər elə, hazırsan. Gənclərin sevimlisi və qəhrəmansan, inqilabçısan, nə bilim nəsən-falan...

Günel Mövlud hamıya bəyan olan halıyla yazısında elə müdrik, elə ziyalı pozası alıb ki, baxdım-baxdım, sadəcə gülümsəyib keçdim. Çünki onun haqqında bir dəfə yazmışdım və hər şey mənə aydın idi...

Bu adamlar Əkrəm Əylislini müdafiə eləyib, sonra da vətənpərvərlikdən dəm vuran adamlardı. Bir dostumuz da bunu yaxşı yazmışdı. Mövqe deyirsiz, sifət deyir, bəs noldu indi sizə? Bəs bu, neçə mövqelik və neçə üzlükdü?

Kim nə deyir desin, bütün belə qarmaşaların ən yaxşı, lap ən yaxşı halda bir ideyası olur ki, o da hakimiyyətə gəlmək istəyidi. Əsl ədəbiyyat və əsl yazarınsa heç vaxt hakimiyyət problemi olmur. Zatən “hakimiyyətdə” olan ədəbiyyat, yazar “olmayan” ədəbiyyat və yazardı. Bunların ən yaxşı, lap ən yaxşı ideyası belə ədəbiyyatdan və əsl yazarlıqdan – orijinal düşüncə sistemindən uzadır.

Kimsə dana bilməz ki, bu kütləvi psixozdu, xəstəlikdi. Ən yaxşı, lap ən yaxşı halda kürsü xəstəliyidi.

İdeologiya fərdin düşmənidi. Orda hər şey kütləvidi. Bunun kimi din də ideologiyadı ki, bunlar da mahiyyətcə fərqlənmirlər. Yəni bu qafalı adamların, məsələn, qatı cahil dindarlardan da fərqləri yoxdu, əksinə bunlar daha təhlükəlidilər və daha təhlükəli xəstəlik yaymaqdadılar.

İdeologiya ədəbiyyatı həmişə saray ədəbiyyatıyla eyni ruha, eyni altyapıya sahib olub. Onların ancaq zahiri fərqi olub. Necə ki saray ədəbiyyatı da hansısa ideologiyanın ədəbiyyatı olur. Sadəcə sarayda olmayanlar daha çox çığır-bağır salırlar, başqa heç nə.

Azadlıq düşüncəsi altındaki ideologiya daha cahil, daha kütləvi, daha qorxulu bir xəstəlikdi. Yəni ideologiyada azadlığa yer yoxdu, azadlıq fərdi məsələdi, kütləvi yox. Bunların da gördüyü iş budur. Üstəlik, Aqşin demiş, heç bir orijinal düşüncəyə də söykənmir bu şeylər. Ağızlarını açırlar söyüş, təhqir, filan-bəsməkan. Bu yazar qırıqları da ələkçinin qıl verənidilər, başqa heç nə.

İnanın, Aqşinin eyni fikirlərini, məsələn, Nitşe, Freyd, Coys və Kafka da demiş olsaydı, bunlar onlara da eyni reaksiyanı verərdilər. Çünki bu bir ideologiya, azad, fərdi düşüncə deyil ki, tənqidi də rahat qəbul edə bilsin. Yəni vəziyyət bu qədər faciəvidi.

Ya bu ölkədə bir dənə orijinal birlik, bir dənə təşkilat, bir dənə düşüncə sistemi, bir dənə nə bilim nə yoxdumu? Hamısı elə bil bir-birinin içindən çıxıb – qafaları da eyni, etdikləri də, davranışları da, nə bilim nələri də eyni. Hamısı bir-birinin uşağı. Hamısı da “inanmış adam”.


Teqlər:  





Xəbər lenti