Heydər Əliyev onu saymayan aktyora nə etmişdi

Heydər Əliyev onu saymayan aktyora nə etmişdi
  13 Mart 2013    Oxunub:4099
1990-cı ildə Heydər Əliyev Naxçıvana gələndə hamı onun görüşünə gedirdi. Bu, həm mənəvi dəstək, həm də Kreml kimi bir məkrli yerdən sağ-salamat çıxıb, vətənə dönən qəhrəman həmyerlini şəxsən görmək istəyindən irəli gəlirdi.
O zaman milli lideri görmək üçün Naxçıvan Dövlət Musiqili Dram teatrının bir neçə aktyoru da Heydər Əliyevin yaşadığı yerə gəlmişdi. Bir vaxtlar mənəvi borc bilinən həmin hadisə indi maraqlı tarixdir. 20 ildən artıq müddət keçsə də, aktyorlar o günkü söhbətləri yaxşı xatırlayırlar.

- Əslində, etiraf edim ki, biz həmin vaxt Heydər Əliyevi ziyarət etməklə həm də onu teatra dəvət etmək istəyirdik. Çünki o ərəfədə teatra maraq azalmışdı. Tamaşaçılar demək olar ki, tamaşalara baxmırdılar. Nəsə elə bil, soyumuşdular ,- deyə həmin görüşün iştirakçısı,əməkdar artist Bəhruz Haqverdiyev danışır.- Mən, Kamran Quliyev, Xəli Hüseynov və rejissor Əsgər Əsgərov birlikdə onlara getdik. Bildirdilər ki, teatrın aktyorları sizi görməyə gəlib. Əlində nəsə qəzet oxuyurdu. Tez işarə elədi ki, gəlsinlər. Baxdım ki, ətrafında bir neçə qəzet var. Əksəriyyəti də rusca idi. Heydər Əliyev bizi gülər üzlə qarşıladı. Yer təklif etdi. Oturduq. Diqqətlə hamımıza baxdı. Birdən mənə
- Sən rəhmətlik Əyyub Haqverdiyevin oğlusan? –dedi.
Atam xalq artisi idi, uzun illər Naxçıvan teatrında çalışmışdı. Məni təəccüb bürüdü.
– Bəli,- dedim.
– Hmm. Atana oxşayırsan. Sən bilirsən, mən yeniyetməliyimdə o vaxtkı “Dom pioner”də İbrahim Həmzəyevin dram dərnəyinə getmişəm. Atan da mənə və digər həvəskarlara yaxşı qrim edərdi ,- dedi.
Sonra rejissorumuz hamını təqdim etdi. Maraqlı söhbət başladı.

- Həmin vaxtlar Naxçıvan teatrı demək olar ki, təhlükə qarşısında idi. Bağlanmaq məsələsi qoyulmuşdu. - Bunları isə xalq artisti Kamran Quliyev danışır.- Naxçıvan Muxtar Respublikası Ali Sovetinin bir qrup deputatı gəlir gətirməyən təşkilatların bağlanması ilə əlaqədar məsləni gündəmə gətirmişdilər və bu işdə israrlı idilər. Biz Heydər Əliyeviçə bunu da dedik. Dinmədi. Sakitçə Naxçıvan teatrının tarixindən danışdı. 1940-cı illərdəki tamaşaları, rejissorları bir-bir sadaladı. “Elə tamaşa var ki, onu əzbər bilirəm. Hətta bəzilərinə 4-5 dəfə baxmışam,- dedi.- O zamanlar teatr ən maraqlı yer idi. Hətta mən yeniyetmə olanda İbrahim Həmzəyevin oynadığı rollara çox maraqla baxırdım. Onun çox yaxşı diksiyası vardı. Mən də evə gəlib onun dediklərini təkrar edir, onun kimi danışmağa çalışırdım. Bu, mənə sonralar yaxşı təsir etdi”.

Kamran Quliyev söhbətinə davam edir:
- Sonra 1960-70-ci illərdə Azərbaycan teatrı, kinosundan danışdı Heydər Əliyev. Bizim üçün maraqlı olan məqamlardan söhbət açdı. Dedi ki, o vaxt Azərbaycanda yaxşı sənətkarlar vardı. Onların bəziləri hətta dünya səviyyəsinə çıxmağa layiq idilər. Ancaq mən həmişə fikir verirdim ki, bəzi sənətkarlar yaxşı aktyor olsa da, şəxsi keyfiyyətləri o qədər də yüksək deyildi. Bəziləri isə əksinə, azərbaycan xalqını hətta Hollivudda çox yaxşı təmsil edə bilərdilər. Amma burada xalq arasında şöhrət qazansalar da, o səviyyədə sənətləri yox idi. (Bu səntkarların adını Heydər Əliyevə istinadən Kamran müəllim çəksə də, indi dünyadan köçdükləri üçün və etika xatirinə onları yazmırıq). Hətta bir dəfə mən Moskvada olarkən çox məşhur bir aktyor Əbdürrəhman Vəzirovla birlikdə ora gəlmişdi. Biz bir-birimizi uzaqdan gördük və mən ona tərəf, o isə mənə tərəf gəldi ki, salamlaşaq. Ancaq birdən Vəzirovun bizi nəzərləri ilə izlədiyini görüb, mənim yanımdan guya saymazyana ötüb keçdi. Mən onun vəziyyətini başa düşdüm. Heç nəyi büruzə vermədim”.
Kamran müəllim həmin aktyorun sonradan, milli lider Azərbaycanda hakimiyyətə gələndən sonra böyük diqqət və qayğı ilə əhatələndiyini, ona orden, medal və prezident təqaüdünün verildiyini qeyd etdi.

Hazırda prezident təqaüdçüsü olan əməkdar artist Xəlil Hüseynov isə hələ o vaxt Heydər Əliyevin Naxçıvan teatrının taleyini necə həll etdiyini yaxşı xatırlayır:
- Söhbət əsnasında biz Heydər Əliyevə dedik ki, “sizi həm də teatrın hazırladığı, Üzeyir Hacıbəyovun felyetonları əsasında səhnələşdirdiyimiz “Ordan- burdan” tamaşasına dəvət edirik”. Özünəməxsus gülüşlə “Belə edirsiniz ki, mənə görə tamaşaçılarınızın sayı çoxalsın?”,-dedi. Düzü, bizim digər məqsədimiz də bu idi - tamaşaçılara heç olmasa Heydər Əliyevə görə teatra dəvət eləmək. Çünki kim bilsəydi ki, o, Naxçıvan teatrında yeni tamaşaya baxıb, yəqin ki, tamşaya mütləq gələcəkdilər. Onun fəhmi bizi sözün düzünü deməyə məcbur etdi. Milli liderin cavabı belə oldu:
- Yaxşı, gələrəm, ancaq gərək Afiyəddin Cəlilovla məsləhətləşim. Bir də, mənim vaxtım az olur. Bir həftə qabaq teatra dəvət eləməzlər. Gərək vaxt təyin edək. Mən o zamanlar Azərbaycanda teatrlara tez-tez gedərdim. Hamı da mənə görə gəlib baxırdı tamaşalara. 70-ci illərdə simfonik musiqimiz çox zəif inkişaf edirdi. Mən bu musiqini xoşlayıram. Amma adamlar, görünür, onu yaxşı başa düşmürdülər. Hətta mən ətrafımdakı məmurlarla gedirdim filarmoniyadakı konsertlərə. Ya da Opera və Balet teatrına, baxırdım ki, konsert vaxtı zaldakıların əksəriyyəti yatır. Sonra fikirləşdim və dedim, sabah yenə gedəcəyik simfonik musiqilərdən ibarət konsertə. Amma mən sizdən soruşacağam ki, repertuar necə idi, kim kimdən sonra çıxış edirdi. Bundan sonra isə adamlar alışdılar. Sonralar Niyazı mənə məruzə edirdi ki, artıq rəhbər vəzifədə işləyənlər könüllü şəkildə konsertlərə gəlirlər. Beləliklə, biz bu sahədə olan boşluğu bu yolla doldurduq. Sonrası da məlumdur. Dünya səviyyəsində əsərlər yarandı.

Heydər Əliyev aktyorlara verdiyi sözü tutur və bir neçə həftədən sonra Naxçıvan teatrının hazırladığı “Ordan- burdan” tamaşasına baxmağa gəlir. Təbii ki, məmurlar da orada iştirak edir. Tamaşadan sonra pərdə arxasında, səhnədə aktyorlarla görüşür. Demək olar ki, o vaxt rəhbər vəzifədə olanların əksəriyyəti də orada iştirak edir. Sənətkarlara öz minnətdarlığını bildirəndən sonra Heydər Əliyev üzünü Ali Sovetin deputatlarına və rəhbər vəzifədə olanlara tutur:
- Görürsünüz, teatr nə deməkdir. Sizin saatlarla günün altında dayanıb dediyinizə çox vaxt adamlar qulaq asmır. Ancaq tetarda 1 saat 20 dəqiqə ərzində hər şey aydın oldu. Bu hadisələr hələ əsrin əvvəlində olub. Ancaq yenə aktualdır. Siz saatlarla bunu kimsəyə başa sala bilməzdiniz. Ancaq aktyorlar göstərdi və dedilər, ona görə də Naxçıvan Teatrı yaşamalıdır. İndi onun gəliri ola bilsin ki yoxdur, ancaq təsiri milyonlara dəyər. Adamlara nəyisə izah etmək üçün ən yaxşı vasitə teatrdır. Onun yaşamasına hamımız kömək eləməliyik.

Bundan sonra isə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının ləğv edilməsi haqda söz-söhbət kəsilir. İndi yeni təmir edilərək istifadəyə verilən binada bu teatrın 130-cu mövsümünün tamaşaları oynanılır. Kollektiv 130 illiyini qeyd etməyə hazırlaşır. Hazırda teatrın truppasında 33 aktyor fəaliyyət göstərir. Bunlardan 6 nəfəri xalq artisti, 7 nəfər Azərbaycan Respublikasının əməkdar artisti, 7 nəfər Naxçıvan MR-ın əməkdar artisti fəxri adlarını daşıyırlar. Teatrın baş rəssamı Azərbaycanın xalq rəssamı, quruluşçu rəssamların isə hər ikisi Naxçıvan MR əməkdar rəssamıdır.

Səməd Canbaxşiyev,
Naxçıvan


Teqlər:  





Xəbər lenti