Rusiya Ukraynaya hərbi müdaxilə edə bilərmi? – TƏHLİL

Rusiya Ukraynaya hərbi müdaxilə edə bilərmi? – TƏHLİL
  25 Fevral 2014    Oxunub:1887
Ukraynada “Maydan”ın qələbə qazanması və prezident Yanukoviçin postunu tərk edərək qaçmasından sonra ölkə parlamenti 2004-cü ilin konstitusiyasına dönmək qərarına gəldi. Bu konstitusiya parlamentə və hökumətə daha geniş səlahiyyətlər verir, prezidentin səlahiyyətlərini isə azaldır.

“Maydan”ın qələbəsi geosiyasi anlamda Rusiyanın Ukrayna cəbhəsində Qərbə uduzması demək idi. Hazırda maraq doğuran əsas məsələ Ukraynanın bundan sonrakı taleyinin necə olacağı ilə bağlıdır.

Yeni hakimiyyət və Ukrayna üçün əsas təhlükə ölkənin parçalanması ola bilər. Hələ “Maydan” hərəkatının başlanğıcında Rusiya xarici işlər narizi Sergey Lavrov və bəzi rusiyalı deputatların bəyanatlarında bu tip ehtimallar səsləndirilmişdi. Əslində Kreml belə bəyanatlarla həm Ukrayna müxalifəti, həm də Qərbi hədələyirdi. Lakin Yanukoviçin Regionlar Partiyasının ölkənin şərqində sosial dayaqları deyildiyi kimi möhkəm deyilmiş. Müxalifətin qələbəsi ilə bu partiyadan kütləvi şəkildə xaricolmalar başlandı.

Əslində parlamentdə olan müxalifətçilərin prezident Yanukoviçə qarşı impiçment, güc nazirlərinin istefaya göndərilməsi və yerlərinə yeni şəxslərin təyinatı, yeni prezident seçkilərinin vaxtının müəyyən edilməsi, yeni parlament sədri seçmələri və nəhayət 2004-cü ilin konstitusiyasını qəbul etmələri üçün Radada konstitusional çoxluqu əldə etmələri Regionlar Partiyasının (RP) deputatlarının müxalifət tərəfinə keçmələrinin hesabına baş verdi. Parlamentdə təmsil olunan 200 nəfər RP üzvündən 70-i partiyadan istefa verdi, istefa verməyənlər isə müxalifətin təşəbbüslərinə həvəslə qoşulurdular.

Xarkov şəhərində “Ukrayna cəbhəsi ” adlandırılan və cənub-şərq regionlarında qanuni hakimiyyəti - yəni Yanukoviçin hakimiyyətini dəstəkləyən qurultay da nəticəsiz qaldı. Qurultayın növbəti günü tədbirin təşkilatçıları – RP-dən olan deputat Kolasniçenko, qubernator Dobkin, və Xarkov meri Kernesin ölkədən qaçmaları barədə məlumat yayıldı.

Krım parlamentində Ukraynadan ayrılma barədə bəyanatlar öz təsdiqini tapmadı. Krımın əsas şəhərlərinin rəhbərləri vəzifələrindən istefa verdi, eyni zamanda Krım türklərinin (yaxud tatarlarının) lideri Refat Çubarov “Maydan”ı dəstəklədiyini bildirdi.

Müxalifətin qısa zamada hüquq-mühafizə üzrə mərkəzi icra orqanlarına təcrübəli rəhbər təyin etmələri və bu məsələlərdə fikir ayrılıqlarının olmaması ölkəni parçalanmadan qoruyan amillərdən biri oldu. Eyni zamanda bu, onu göstərdi ki, müxalifət liderləri arasında artıq hazırlanmış və tam şəkildə razılaşdırılmış fəaliyyət planı mövcuddur. Bundan əlavə RP-da Yanukoviçdən sonra ikinci adam hesab olunan Sergey Tiqipkonun rəsmi olaraq partiyasının müxalifətə keçdiyini bəyan etməsi yerlərdəki partiya üzvlərinin hansısa fəallıq göstərmələri üçün qalan həvəslərini də öldürdü. Tiqipkonun bu addımının izahı isə sadədir- siyasətçı Maydanda insan ölümlərinə görə məsuliyyəti öz üzərindən atmağa nail oldu.

Gözlənilən təhlükələrdən biri Rusiyanın hər hansı bəhanə ilə Ukraynaya hərbi müdaxiləsi ola bilər. Rusiyanın baş naziri Dmitri Medvedyev bəyan etdi ki, Ukraynadakı yaranmış vəziyyətin Rusiyanın milli maraqları üçün təhlükəlidir. Baş nazir Moskvanın Ukraynada olan vətəndaşlarının həyat və sağlamlığından narahat olduğunu və məsləhətləşmələr üçün Kiyevdəki səfiri Zurabovu geri çağırdığını söyləyib. Elə Medvedyevin bu bəyanatı hərbi müdaxilə üçün gözəl bəhanə hesab oluna bilər.

Ukraynanın milliyyətçi-müxalif “Azadlıq” partiyasının sədri Oleq Tyaqnibok isə deyib ki, Rusiyanın Sevastopol şəhəri istiqamətindən Ukraynaya hücum hazırlanması barədə onlara məlumat daxil olub. Tyaqnibokun sözlərinə görə, keçmiş prezident Yanukoviç də hazırda Sevastopl şəhərində gizlənib.

Ukraynanı Rusiyanın hərbi müdaxiləsindən müəyyən qədər sığortalayan 1994-cü ildə imzalanmış beynəlxalq müqavilə mövcuddur. “Ukraynanın nüvə silahının yayılmaması haqqında Razılaşmaya qoşulması ilə əlaqədar təhlükəsizlik haqqında Memarandum” adlanan bu sənədə əsasən Kiyev yuxarıda adı çəkilən müqaviləyə qoşulur və özündə olan nüvə silahının məhv edilməsi müqabilində ABŞ, Rusiya, Böyük Britaniya və İrlandiya Ukraynanın təhlükəsizliyinə və ərazi bütövlüyünə təminat verirlər. Yəni əgər Rusiya Ukraynaya hücum edərsə beynəlxalq müqavilənin şərtlərini pozmuş olacaq və Kiyevin kömək üçün təhlükəsizliyinə zəmanət vermiş Amerika və Britaniya kimi digər üzv ölkələrə müraciət etmək hüququ var. Bu isə, genişmiqyaslı müharibənin başlanması anlamına gəlir. Yəni prezident Putin Ukraynaya qoşun yeritmək fikrinə düşsə bu risqi nəzərə almalı olacaq.

“İnterfax” agentliyinin fevralın 3-də öz mənbələrinə istinadən yaydığı məlumata görə, ABŞ-ın iki hərbi gəmisi Qara Dənizə daxil olub. Eyni zamanda, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə katibi Syuzan Rays NBC telekanalına müsahibəsində Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsi ehtimalını Moskvanın edəcəyi “ciddi səhv” kimi qiymətləndirib. Hər halda, bu məlumatlar onu göstərir ki, Amerika Rusiyanın hücum etmə ehtimalını da nəzərdə saxlayır və müvafiq qarşısıalınma tədbirləri görüb.

Putin hələ ki, susur və onun belə uzun müddət susması Qərb dövlətlərində narahatçılığı artırır.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti