İlk “Ağıllı kənd”imiz: Zəngilandan xüsusi reportaj - (VİDEO+FOTOLAR)

 İlk “Ağıllı kənd”imiz:  Zəngilandan xüsusi reportaj -  (VİDEO+FOTOLAR)
  04 May 2021    Oxunub:29676
Azərbaycanda ilk "Ağıllı kənd" layihəsi Zəngilanda tətbiq olunur. Aprelin 26-da Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoydu. Bununla işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrasına başlanıldı.
Qarabağda ilk dəfə həyata keçiriləcək “Ağıllı kənd” layihəsinin icrası 5 komponent üzrə aparılacaq. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə edilməklə 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq.



Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, həmçinin turizm infrastrukturu formalaşdırılacaq. Onu da bildirək ki, bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.



“Ağıllı kənd təsərrüfatı” kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, habelə dronlar vasitəsilə idarəetmə və nəzarəti özündə birləşdirir. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir. Əlbəttə, “Ağıllı kənd” təkcə kənd təsərrüfatı ilə bağlı deyil. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın əsas komponentləri sırasındadır.



Zəngilanın Ağalı kəndlərində müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzlərinin inşasını, turizm infrastrukturunun formalaşdırılacağını da nəzərə alsaq, mənzərə tam aydın olar. Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi “Ağıllı kənd”in hansı üstünlüklərə malik olduğunu göstərir.



Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov layihə barədə Azvision.az-a bildirib ki, ilkin olaraq 200 evin tikintisi nəzərdə tutulub. Onun sözlərinə görə, bu evlərdən 160-ı birmərtəbəli, 40-ı isə ikimərtəbəli olacaq:

"Kəndin qurulmasında dost ölkələrin xarici şirkətləri öz iştiraklarını təsdiq ediblər. Qardaş Türkiyənin alternativ enerji üzrə şirkətləri tərəfindən "Arximed layihəsi" təqdim olunur. Suyun enerjisindən istifadə etməklə həm yaşayış sahələrinin qızdırılması, həm bir çox sahələrdə istifadə, həm də qalan enerjinin ixracı məsələsi gündəmdədir".

“Ağıllı kənd” konsepsiyasına əsasən, prosesin elektronlaşdırılması istehsal imkanlarını gücləndirir. Eyni zamanda, “Ağıllı kənd” suvarma sistemindən tutmuş torpağın əkilib-becərilməsinə, məhsulun toplanmasına kimi avtomatlaşdırılmış, bir mərkəzdən idarə olunan və bütün platformanın birgə idarə olunduğu unikal sistemdir. Bu layihədə ən qabaqcıl texnologiyaların tətbiqini nəzərdə tutur. İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunacaq yeni sistemin kənd infrastrukturunun digər sahələrinə - alternativ enerji mənbələrinə və müasir nəqliyyat sisteminə inteqrasiyası “Ağıllı kənd”in konsepsiyasını tamamlayacaq. Bütövlükdə, Qarabağ bölgəsində həyata keçirilən yeni layihələr bölgənin gələcək inkişafında mühüm rol oynayacaq.



Azad edilmiş ərazilərdə “Ağıllı kənd”in təməlinin qoyulması ilə hamının böyük səbrsizliklə gözlədiyi “Böyüş Qayıdış”ın başlandığı elan olundu. Qarabağa qayıdışın ilk addımı Zəngilanda atıldı.

Hazırda səfərdə olduğumuz Zəngilan rayonu ilə yanaşı düşmən tapdağından azad edilən digər ərazilərdə də bərpa və yenidənqurma işləri ən müasir standartlara uyğun olaraq yüksək səviyyədə həyata keçirilir.



Bu gün fəxrlə deyə bilərik ki, Müzəffər Azərbaycan Ordusu tərəfindən 30 illik erməni işğalından azad olunan şəhər və kəndlərimizə yenidən həyat qayıdır və tezliklə keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönəcəklər. Əminik ki, o gün uzaqda deyil...



















Müxbir: Anar Kəlbiyev
Foto: Anar Bayramlı
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Zəngilan   Ağıllı-kənd   Ağalı  





Xəbər lenti