AFFA-nın 22 ili: Hansı rəhbər nə edib?

AFFA-nın 22 ili: Hansı rəhbər nə edib?
  31 Mart 2014    Oxunub:2557
Mart ayının ölkəmizin futbol tarixində özünəməxsus yeri olduğunu söyləmək olar. Amma qətiyyən ona görə yox ki, bu ayda qələbələrə sevinmişik. Siz də bilirsiniz ki, istənilən dövrdə, istənilən turnirdə autsayder statusunun daşıyıcılarından olmuşuq. Mart ayının özəlliyi isə ondan ibarətdir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 1992-ci ilin məhz sözügedən ayında (26 mart) yaradılıb.
AFFA-nın yaradıldığı ilk gündən etibarən düz 11 il bu quruma Fuad Musayev rəhbərlik etdi. Sözsüz ki, yaxşı qurulmuş plan əsasında 11 ildə kifayət qədər iş görmək olardı, amma bizdə, necə deyərlər, futbol təkcə yaşıl meydanlarda yox, həm də kabinetlərdə oynandığından və futbol funksionerlərimizin başı bir-birilə mübarizəyə, həmçinin maliyyə fırıldaqlarına qarışdığından futbolumuzun inkişafı mümkün olmadı. Həmin dövrdə hələ də futbolda doktrinamızı açıqlamamışdıq və əslində, qarşıya qoyulan məqsədlərə hansı yolla çatmağın mümkünlüyünü anlamırdıq. Bu üzdən də dünya futbolunda baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri bizim futbol təsərrüfatında demək olar ki, özünü göstərmirdi. Bunun nəticəsi isə acınacaqlı məğlubiyyətlərdən başqa bir şey ola bilməzdi. Hələ mən milli çempionatın yarımçıq dayandırılmasını və AFFA-nın FİFA-dan çıxarılmasını, eləcə də milli komandamızın və klublarımızın beynəlxalq yarışlara buraxılmamasını demirəm.

Fuad Musayev postunu tərk etdikdən sonra 2003-cü ilin dekabrında onun yerini mərhum Ramiz Mirzəyev tutdu. Təbii ki, baş verən dəyişiklik və AFFA rəhbərliyinə hökumətin dəstəklədiyi adamın gəlməsi futbolun inkişafında maraqlı olan hər kəsin gözündə ümid qığılcımını partaltdı. Ramiz Mirzəyevin AFFA rəhbəri kimi gördüyü ilk iş AFFA-nın Hüsü Hacıyev küçəsi 49-da yerləşən binadan “İpək Yolu” Biznes Mərkəzinin binasına köçürülməsi və FİFA və UEFA-nın ölkəmizdə futbolun inkişafına ayırdığı 28,5 milyard manatın 6,5 milyardının AFFA-nın yeni ofisinin tikilməsinə sərf olunmasına qərar verməsi oldu.

Düzdür, həmin vaxt milli komandamızın bir neçə uğurlu nəticəyə imza atması klublarımızın avrokuboklarda bir-iki mərhələ adlaması,”Neftçi”nin “Birlik kuboku”nu qazanması əvvəlki uğursuzluqları nisbətən unutdursa da, zaman keçdikcə futbolumuzun xilaskarının Ramiz Mirzəyevin olmadığı üzə çıxdı. Mirzəyevin AFFA rəhbəri kimi atdığı ən səs-küylü addım isə milli komandamızın “sükanı arxası”na məşhur braziliyalı Karlos Alberto Torresi gətirməsi oldu. Lakin sabiq dünya çempionunun başçılıq etdiyi yığmamızın həddindən artıq zəif çıxış etməsi futbolumuzun yerində saydığını bir daha göstərmiş oldu. Qeyd edək ki, braziliyalı çalışdırıcının dönəmində milli komandamız seçmə mərhələdə cəmi iki xal toplamış, üstəlik, Polşa yığmasına 8:0 hesabı ilə yenilmişdi.

AFFA prezidenti Ramiz Mirzəyevin qəfil vəfatından sonra 2007-ci ilin dekabr ayından etibarən, federasiya prezidenti səlahiyyətlərini Elşad Nəsirov icra etməyə başladı. İlin sonundan 2008-ci ilin mart ayına qədər AFFA-ya məhz Nəsirov rəhbərlik etdi. Nəhayət, 2008-ci il martın 14-də AFFA prezidentliyinə növbədənkənar seçkilər keçirildi. Səsvermə hüququna malik olan şəxslərin budəfəki seçimi isə Rövnəq Abdullayev oldu. Şübhəsiz ki, Abdullayevin buna qədər paytaxtın “Neftçi” klubunun prezidenti olarkən, flaqmanın tarixində ilk dəfə ardıcıl iki çempionluq yaşamsı, Çempionlar Liqasında uğurlu çıxış etməsi AFFA rəhbəri kimi məhz ona etimad göstərilməsində böyük rol oynadı. Elə 2012-ci ilin martında Rövnəq Abdullayevin yenidən federasiya prezidenti seçilməsi də birbaşa AFFA rəhbərinin uğurlu fəaliyyəti ilə bağlı idi.

AFFA rəhbərliyində sözügedən dəyişiklik reallaşdıqdan sonra ölkə prezidenti İlham Əliyevin imzaladığı və futbolun inkişafına xidmət edən dövlət proqramında nəzərdə tutulan layihənin reallaşdırılması yönündə addımlar atılmağa başlandı. Əslində, ölkə idmanına lazimi qayğının göstərilməsi və dolayısı ilə də digər idman növlərinin, eləcə də futbolun bubirbaşa ölkə rəhbərliyinin nəzarəti altında olmasının federasiya rəsmilərinin fəaliyyətinə də təsirsiz ötüşməyəcəyi məlum idi.

Bu baxımdan son illərdə xüsusən uşaq futboluna diqqət ayrılması təqdirəlayiqdir. Bu mənada 2010-cu ildə Uşaq Futbol Akademiyasının fəaliyyətə başlmasını vurğulamaq olar. Bundan başqa, Coca-Cola Məktəbli Kuboku”, U-11, “Coca-Cola U-13” , U-14 liqaları, heç U-16 və “Azercell U-17” liqalarının keçirilməsi də uşaq futbolunun inkişafına xidmət edir. Digər tərəfdən AFFA-nın bölgələrdə mütamadi olaraq futbolun inkişafına və təbliğinə hesablanmış tədbirlər təşkil etməsi də uşaq futbolunun inkişafını şərtləndirən amillərdəndir.

AFFA-nın milli komandalarda islahata başlaması da Rövnəq Abdullayevin prezidentliyi dövrünə təsadüf etdi. Belə ki, həm əsas , həm də aşağı yaş qrupları üzrə milli komandalarımız məhz Abdullayevin dönəmində əcnəbi çalışdırıcılara “əmanət” edildi. Sevindirici haldır ki, milli komandamız son seçmə mərhələdə 9 xal toplamaqla özü üçün yeni rekord müəyyənləşdirdi. Sözsüz ki, milli komandamızın oyunundakı yüksəliş bir daha federasiya rəsmilərinin düzgün yolda olduğunu göstərir. Bundan başqa, 2008-ci ildə “Xəzər Lənkəran”ın, 2011-ci ildə isə “İnter”in “Birlik kuboku”nu ölkəmizə gətirməsi uğurlu dövlət siyasətinin göstəricisi idi.

Bu dövr ərzində “Qarabağ” klubun iki dəfə ardıcıl olaraq Avro Liqanın play-off mərhələsinə qədər yüksəlməsi də bu sahənin inkişafından xəbər verir.
“Neftçi”nin ölkə futbolu tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması da, məhz ölkə rəhbərliyinin və AFFA-nın idman sahəsinə ayırdığı diqqətin nəticəsi hesab edilməlidir.

AFFA-nın dövlətimizin idman siyasətini futbol sektorunda uğurla həyata keçirdiyini, bu konteksdə milli komandaya xüsusi önəm verdiyini göstərən daha bir məqam isə yığma komandamız üçün yeni stadionun, bazanın və mehmanxananın tikilməsinə qərar verilməsi oldu.. Eyni zamanda, infrastrukturun yenilənməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində fəaliyyət sürətlənmişdir. Geniş tutumlu bir neçə stadionun inşasına başlanılmış, 70-ə yaxın süni örtüklü meydança tikilərək istifadəyə verilib.

Federasiyanın gördüyü ən önəmli işlərdən biri də ölkə birinciliyinin səviyyəsinin yüksəldilməsi, bu sahəyə yeni sponsorların cəlb olunması və futbolun maddi- texniki bazasının gücləndirilməsi oldu. Sözsüz ki, Peşəkar Futbol Liqasının (PFL) yaradılması və çempionatın təşkilinin sözügedən quruma həvalə olunması, əvəzedicilərin və aşağı yaş qrupları üzrə çempiontların təşkil edilməsi, eləcə də uğurlu marketinq siyasəti nəticəsində Premyer-Liqaya sponsorun tapılması məqsədyönlü siyasətin nəticəsidir.

Hazırda AFFA-nın önəm verdiyi məsələlərdən biri də futbol təhsilinin gücləndirilməsi məsələsidir. Bunun məntiqi nəticəsi kimi ölkəmizdə vaxtaşırı həm Pro, həm də A, B və C kateqoriyalı məşqçi kursları təşkil olunur.
Sevindirici haldır ki, federasiya rəsmiləri hazırda futbolun digər növlərinin inkişafı yönündə də çalışır. Son dövrlər həm çimərlik futbolunda, həm də futzalda qazanılan uğurlar da məhz dövlət qayğısının nəticəsidir.

Son dövrlər AFFA-nın beynəlxalq əlaqələrinin genişlənməsi də diqqət çəkir. Aparıcı futbol ölkələri ilə ilişkilərin gücləndirilməsi, həmçinin ölkəmizdə keçirilən müxtəlif beynəlxalq yarışların yüksək səviyyədə təşkil olunması FİFA və UEFA-nın ölkəmizə, AFFA-ya daha çox etimad göstərməsinə zəmin yaradıb. Elə FİFA prezidenti Yozef Blatterlə UEFA prezidenti Mişel Platininin futbolumuzun yüz illiyinə həsr olunan tədbirdə şəxsən iştirak etməsini də məhz bu amillə əlaqələndirmək olar. Digər tərəfdən, 17 yaşadək qızlar arasındakı 2012-ci ildəki Dünya çempionatının final mərhələsinin məhz ölkəmizdə keçirilməsi, həmçinin ic 17 yaşadək futbolçulardan ibarət yığma komandalar (U-17) arasında 2016-cı il Avropa çempionatının final mərhələsinin oyunlarının Azərbaycanda keçirilməyi ilə bağlı tarixi qərar verməsi də əməkdaşlıq mexanizminin düzgün qurulmasının göstəricisidir.

Tural Məmmədov


Teqlər:  





Xəbər lenti