"Kütləvi məzarlıqlar Ermənistanın cinayətlərini bir daha təsdiqləyir"

   "Kütləvi məzarlıqlar Ermənistanın cinayətlərini bir daha təsdiqləyir"
  03 May 2025    Oxunub:574
"Dəfələrlə müraciətlər edilsə də, Ermənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etmir, otuz ildən artıq müddətdir əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları Azərbaycana təqdim etməkdən boyun qaçırır".
AzVision.az xəbər verir ki, bu ifadələr Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Şuşa və Xocalıda aşkarlanmış kütləvi məzarlıqlarla bağlı yaydığı məlumatdandır:

"İşğaldan azad edilmiş Şuşa şəhərinin yaxınlığında və Əsgəran-Xocalı yolunun üzərində aprel ayında aparılmış qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb. Həmin məzarlıqlarda aşkar edilmiş insan qalıqlarının mülki şəxslərə aid olduğu ehtimal edilir.

Aşkarlanmış qalıqlarda mülki şəxslərə qarşı zorakılıq izlərinin aşkar edilməsi Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən azərbaycanlılara qarşı müharibə və insanlıq əleyhinə cinayətlərin törədildiyini bir daha təsdiqləyir.

İndiki məlumata əsasən Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İşğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində görülmüş işlər nəticəsində indiyədək 170-ə yaxın soydaşımızın kimliyi müəyyən edilib və bu proses hələ də davam etməkdədir.

Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərə riayət etməli, qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməli, beynəlxalq ictimaiyyət həmin məlumatların ölkəmizə təqdim olunması istiqamətində Ermənistana ciddi təsir göstərməlidir".

AzVision.az


Teqlər: kütləvi-məzarlıqlar  





Xəbər lenti